Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə Hesabatla bağlı Milli Məclisin plenar iclasında çıxışı
Əlavə olunub: 2018-05-18

Hörmətli Sədr!

Hörmətli millət vəkilləri! Hörmətli qonaqlar və media nümayəndələri!

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti ilə bağlı Hesabat mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək təqdim olunmuşdur. Kənar dövlət maliyyə nəzarəti funksiyasını yerinə yetirən bir orqan olaraq hesabat ilinin nəticələrinə dair hazırlanmış Hesabatın əsas kvintessensiyasını diqqətinizə çatdırmaq istərdim.

 

Hesablama Palatasının Kollegiyası hesabat ili üzrə İş planına uyğun 59 və əvvəlki ildən başlayan və 2017-ci ildə sona çatan 1 tədbir olmaqla 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul etmişdir. Nəzarət tədbirlərinin 10-u analitik təhlil, 50-si audit formasında həyata keçirilmiş, həmin tədbirlər ümumilikdə 135 qurumu əhatə etmişdir.  

 

Hesabat ilində başa çatdırılmış tədbirlərin sayı 2016-cı il göstəricisindən 20,2% az olsa da, tədbirlərin əhatə dairəsi genişləndirilmiş və əvvəlki illə müqayisədə təqribən 2,0 dəfə çoxdur. Əhatə edilmiş vəsaitlərin 79,2%-i 2015-2016-ci illərə və 12,3%-i 2017-ci ilə aid olmuşdur. Hesabat ilində dövlət büdcəsindən tam maliyyələşən təşkilatlarla yanaşı, 5 Səhmdar Cəmiyyət və 1 Məhdud Məsuliyyətli Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyəti audit edilmiş, məcburi dövlət sosial sığorta haqlarının  hesablanılması və ödənilməsi, sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini əhatə edən 6 nəzarət tədbiri də aparılmışdır.

 

Məlumunuz olduğu kimi, 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən dövlət maliyyə nəzarəti sahəsində islahatların tərkib hissəsi kimi bir sıra qanunvericilik aktlarında mühüm dəyişikliklər edilmişdir. Cənab Prezident tərəfindən həyata keçirilmiş bu dəyişikliklər dövlət vəsaitlərinin nəzarətlə əhatəsini daha da genişləndirilməsinə, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsini təmin etməklə hesabatlılıq və şəffaflığın artırılmasına xidmət edir. Eyni zamanda, maliyyə və prosedur nöqsanların müəyyən edilməsinə sistemli yanaşmanın tətbiq edilməsinə və təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradır.

 

Hörmətli millət vəkilləri!

 

İndi isə müəyyən edilmiş nöqsanların xarakteri ilə bağlı məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Nöqsan təsnifatına uyğun olaraq səkkiz istiqamətdə Hesablama Palatası tərəfindən  ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən etmişdir. Qeyd edim ki, bu, 1 audit tədbirinə orta hesabla 13,8 nöqsan düşdüyünü göstərir və bu, 2016-cı ilin göstəricisindən 2,6 vahid çoxdur. Hesabat ilində büdcə qanunvericiliyinin tələblərinə tam əməl edilməməsi, mühasibat uçotu və hesabatlılığın tərtibi, həmçinin dövlət satınalmaları ilə bağlı sahələrdə nöqsanların xüsusi çəkisi daha çoxdur. Vurğulanmalı məqamlardan biri isə hər üç istiqamət üzrə müəyyən edilmiş nöqsanların sayının bir nəzarət tədbirinə düşən orta göstəricisində də artımın olmasıdır.

 

Nəzarət tədbirlərinin nəticəsi olaraq 2017-ci ildə dövlət büdcəsinə 15,2 mln. manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 1,1 mln. manat, dövlət-təsərrüfat qurumlarının hesablarına 1,7 mln. manat olmaqla, ümumillikdə 18,0 mln.manat vəsaitin bərpasına nail olunmuşdur.

 

Hesabat ilində xarici valyuta da vəsaitin bərpa edildiyini nəzərə almasaq manatla bərpa edilmiş vəsaitin məbləği 2016-cı ilin göstəricindən 50,0% çoxdur və 2017-ci ildə Hesablama Palatasının saxlama xərclərini 5,4 dəfə üstələyir.

 

Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bərpa edilmiş vəsaitlərin strukturunda 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də dövlət gəlirləri sahəsində qanunvericliyinin pozulması nəticəsində bərpa edilmiş vəsaitlərin xüsusi çəkisi daha böyük olmuş, hesabat ilində bu, ümumi bərpanın 34,4%-ə bərabərdir.  

 

Vəsaitlərin bərpası ilə yanaşı nəzarət tədbirlərinin nəticəsi kimi bir sıra tədbirlər də həyata keçirilmişdir. Həmin tədbirlər barədə ətraflı məlumatların Hesabata daxil ediliyini nəzərə alaraq diqqətinizə bir neçəsini çatdırmaq istəyirəm. 2017-ci ildə 4,5 mln. manat məbləğində işlərin görülməsi, 323,1 min manat məbləğində inventar və avadanlığın qurumlara çatdırılması təmin edilmiş, dövlət büdcəsi qarşısında 9,3 mln. manat məbləğində borc bağlanılmışdır.

 

Hesabat ilində bir neçə qurum tərəfindən müəyyən edilmiş nöqsanlara görə bəzi tədbirlər tam həyata keçirilməmişdir ki, bu istiqamətdə də ətrafı məlumatlar Hesabata daxil edilmişdir.

 

Diqqətə çatdırmaq istərdim ki, bəzi istiqamətlərdə artıq ödənilmiş vəsaitlərin bərpası bu və ya digər səbəblərdən  mümkün olmur. Eyni zamanda, artıq hesablanılmış və ödənilmiş pensiya və müavinətlərin bərpasının hissə-hissə aparılması, müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsində mövcud olan problemlər həmin vəsaitlərin tam bərpa olunmaması riskini  artırır.

 

Qeyd edim ki, vəsaitlərin təyinatının dəyişdirilməsi hallarının qanunvericilik aktlarında müəyyənləşdirilmədiyini nəzərə alaraq Hesablama Palatası Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş funksional və iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə  yanaşı funksional fəaliyyətə, xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsaitin icra edilməsi hallarını təyinatın dəyişdirilməsi halları olaraq qəbul edir. Aparılmış tədbirlərlə təyinatın dəyişdirilməsi istiqamətində inzibati və cinayət məsuliyyətinin müəyyən edildiyi dövrədək 42,1 mln. manat məbləğində təyinat dəyişikliyinə yol verildiyi qənaətinə gəlinmişdir. Məlumat üçün bildirim ki, Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarının müəyyən edilməsi  istiqamətində müvafiq təkliflərini 2016-cı ildə Nazirlər Kabinetinə təqdim etmişdir.

 

Dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə yanaşı səmərəli istifadəsi də vacib tələbdir və bir-biri ilə sıx əlaqəlidir. Hesablama Palatası 2017-ci ildə 26 qurumda 92 hal üzrə 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadəsinə yol verildiyini müəyyən etmişdir.    

 

Maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərindən biri kimi aparılmış ekspert-analitik fəaliyyət çərçivəsində hesabat ilində 117 qurum üzrə büdcə vəsaitlərinin icrası ilə bağlı  maliyyə hesabatlarının  təhlili aparılmış, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihələrinə, dövlət büdcəsinin icrasına Rəylər hazırlanaraq Milli Məclisə təqdim edilmişdir. 

 

2017-ildə ilk dəfə olaraq Hesablama Palatası Dövlət Neft Fondunun 2018-ci ildə büdcəsinin layihəsinə rəyini hazırlayaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunması üçün müvafiq qaydada Müşahidə Şurasına təqdim etmişdir.

 

Ekspert-analitik fəaliyyətlə əldə edilmiş nəticələr üzrə maliyyə inzibatçılığının gücləndirilməsi  və büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hazırlanmış təkliflər (7) Azərbaycan  Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir.

 

Hesablama Palatası 2017-ci ildə digər nəzarət orqanları - xüsusilə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığını davam etdirmişdir. Hesabat ilində 4 auditin, o cümlədən dövlət satınalmaları ilə bağlı inzibati xəta halı üzrə 2 tədbirin, yol verilmiş qanunsuz ödənişlərə görə cinayət əlamətləri olan 12 iş olmaqla 2 audit tədbirinin, həmçinin 1 araşdırmanının nəticələri üzrə müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir. Hüquq-mühafizə orqanlarından Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, hər bir iş üzrə cinayət işi açılmış və tədqiqatlar davam etdirilir.

 

Hesabat ilində bir sıra nəzarət tədbirlərinin nəticəsi əsasında büdcə vəsaitlərinin qənaətlə icrası, dövlət əmlakından səmərəli istifadə, xarici dövlətlərə verilmiş kreditlər üzrə hesabatlılığın gücləndirilməsi, vergi ödənişləri üzrə inzibatçılığın daha da artırılması məqsədilə müvafiq məlumatlar aidiyyəti dövlət qurumlarına – Nazirlər Kabinetinə, Maliyyə və Vergilər Nazirliklərinə, Əmlak məsələləri üzrə üzrə Dövlət Komitəsinə və s. təqdim olunmuşdur.

 

Hörmətli millət vəkilləri!

 

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan İNTOSAİ-ın qəbul etdiyi Auditin Təməl Prinsipləri haqqında Lima Bəyənnaməsi (İSSAİ 1) Hesablama Palatası qarşısında hesabat vermə səlahiyyəti və borcunu müəyyən edir. Bununla bağlı biz məxfi qaydada keçirilən nəzarət tədbirləri də daxil olmaqla hər bir tədbir üzrə məlumatları və illik hesabatımızı parlamentə təqdim edirik.

 

Eyni zamanda, “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”, həmçinin Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırıması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını təmin etmək üçün hesabat ilində müxtəlif tədbirlər həyata keçirilmişdir. Xüsusilə vurğulamaq istərdim ki, hesabat ilində “Dövlət auditi” adlı rüblük bülletenin nəşrinə başlanılmış və bülletenin 4 nömrəsi çapdan çıxmışdır. Hesabat ilində 32 tədbir üzrə məlumatlar Hesablama Palatasının saytında təqdim edilməklə, 16 tədbirlə bağlı auditor hesabatlarının xülasəsi bülletendə çap olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Hesablama Palatası 2017-ci ildə də 6 ay üzrə fəaliyyətinə dair məlumatları açıqlamış, həmin məlumatlar rəsmi internet saytı ilə yanaşı bülletendə də çap edilmişdir.  Atılan bu addımlar AAQ-ların dəyər və üstünlükləri - vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, həmçinin şəffaflıq və hesabatlılıq prinsipləri ilə bağlı beynəlxalq standartların  tələblərinə cavab vermək məqsədini daşımışdır.

 

Bu istiqamətdə atılan addımlardan biri kimi, ilk dəfə olaraq 2017-ci ildə ilin altı ayında icra edilmiş dövlət büdcəsi və Azərbaycan Respublikası  Dövlət Neft Fondunun büdcəsi ilə bağlı arayışların ictimaiyyətin diqqətinə çatdırılmasını vurğulamaq istərdim.

 

Qeyd edilənlər, həmçinin 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat ilində hazırlanmış rəylərin məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində atdığımız addımlar Hesablama Palatasının fəaliyyətinə dair beynəlxalq təşkilatlar tərəfindən aparılan dəyərləndirmələrdə yüksək qiymətləndirilmişdir. Belə ki, Beynəlxaq Büdcə Tərəfdaşlığı  təşkilatı tərəfindən hazırlanan “Açıq Büdcə İndeksi” ilə bağlı hesabatda Hesablama Palatasının büdcəyə nəzarət baxımından fəaliyyəti 100 baldan 83 bal səviyyəsində  dəyərləndirilmiş və Hesablama Palatası tərəfindən büdcəyə nəzarətin “adekvat” olduğu qeyd edilmişdir. Ali Audit Qurumu olaraq əldə etdiyimiz nəticələr üzrə MDB-də lider mövqelərə çatmış, məhz bu yüksək qiymətləndirmə hesabına Azərbaycan büdcəyə nəzarət bloku üzrə Bolqarıstan, Xorvatiya, Macarıstan, Makedoniya, Slovakiya, Türkiyə  kimi ölkələri üstələmişdir.

 

Hörmətli millət vəkilləri!

 

Hesabat ili 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planının başa çatma ili olmuşdur və biz, bu planla müəyyən edilmiş 5 istiqamət üzrə çoxsaylı tədbirlər həyata keçirmişik.

 

Hesabat ilində Hesablama Palatasının 2018-2020-ci illər üzrə yeni Strateji İnkişaf Planı hazırlanaraq təsdiq edilmişdir. Bu sənəd INTOSAI-in Tövsiyyə və Standartlarının, həmçinin xarici ölkələrin AAQ-larının təcrübələrinin öyrənilməsi əsasında hazırlanmışdır. Yeni İnkişaf Planında “Azərbaycan – 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Ali Audit Qurumlarının potensialının gücləndirilməsi ilə bağlı 2 Qətnaməsi, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, "Hesablama Palatası haqqında" yeni Qanunun layihəsi müasir çağırışlar kimi müəyyən edilmişdir. Bu sənədin digərlərindən fərqli xüsusiyyəti fəaliyyətin nəticəliliyinin qiymətləndirilməsi üçün əsas nəticə göstəricilərinin müəyyən edilməsidir.

 

Hesablama Palatasının beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyətində ən mühüm hadisə Azərbaycan tərəfinin ev sahibliyi ilə təşkil edilmiş MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri  Şurasının sessiyası olmuşdur. Hesabat ilində Şuranın sessiyasına ev sahibliyi etməklə Azərbaycan Respublikasının Hesablama Palatası bir illik müddət üzrə Şuranın Sədri vəzifəsinin icrasına başlamışdır

 

Hörmətli millət vəkilləri!

 

Hesablama Palatası son bir neçə ildə olduğu kimi, cari ildə də öz fəaliyyətində yeni yanaşmaların tətbiqi və dövlət auditi sisteminin təkmilləşdirilməsi üçün potensial istiqamətlərin müəyyən edilməsini bir hədəf kimi qarşıya qoymuşdur. Nöqsanların tapılması və qeydiyyatı mərhələsindən həmin nöqsanların yaranma ehtimallarının müəyyənləşdirilərək aradan qaldırılması ilə bağlı konstruktiv təkliflərin işlənilməsi, başqa sözlə  büdcə intizamının təhlili mərhələsinə keçid qeyd edilən hədəf istiqamətində vacib addım kimi tərəfimizdən qəbul olunmuşdur.     

 

 “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 gün öncə imzaladığı Fərman, öz növbəsində, dövlət başçısının kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşımızda qoyduğu şəffaflığın və hesabatlılığın gücləndirilməsi kimi tələblərin reallaşdırılması istiqamətində bir etimad olaraq qəbul ediməklə, həmçinin əvvəl qeyd olunan mərhələyə keçidə möhkəm zəmindir.

 

Hörmətli Sədr, hörmətli millət vəkilləri!

 

2017-ci ildə fəaliyyətlə bağlı Hesabatın Hesablama Palatasının Kollegiyası tərəfindən təsdiq edildiyini və sizlərə müvafiq qaydada təqdim edildiyini diqqətinizə çatdırmaqla Hesabatın nəzərə alınmasını xahiş edirəm.