Ulu Öndər Heydər Əliyev – 95
Əlavə olunub: 2018-05-10

Bu il may ayının 10-da Azərbaycanın dövlətçilik tarixinin ən parlaq simalarından olan Ulu Öndər Heydər Əliyevin anadan  olmasının 95 ili  tamam olur.

Heydər Əliyevin həyat yolu xalqa xidmətin bariz nümunəsi, o özü isə çətin və gərgin bir tarixi dövrün canlı mücəssəməsidir. Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələr və xalqlar arasında  münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.  O, özü bir tarixdir.

Bu qeyri-adi şəxsiyyət  bütün regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidməti olan  böyük dövlət xadimi,  əvəzolunmaz lider, siyasət nəhəngi idi. XX yüzilliyin ən parlaq siyasi xadimlərindən biri kimi tanınan Heydər Əliyev prinsipiallığı, yüksək vətəndaş mövqeyi, cəsarətliliyi və son dərəcə alicənablığı ilə  fərqlənirdi.  

Həmişəyaşar Ümummilli liderimiz həyatının bütün dövrlərində öz coşqun fəaliyyəti, nadir rast gəlinən zəkası və dühası ilə  yalnız Azərbaycanda deyil, bütün dünyada öz sözü, çəkisi  və  sanbalı ilə seçilmiş, silinməz izlər qoymuşdur.

Bir tarixi  dövrün bitdiyi və  yeni tarixi dövrün başlanğıcında dünyaya gələn,  təmsil etdiyi xalqın və dövrün ən səciyyəvi nümayəndəsi olan Ulu Öndər gənc yaşlarından öz dərin zəkası ilə nəhəng imperiyanın ucqarlarından ön sıralara keçməyi bacardı, hər zaman, ən çətin şərtlərdə, ən dar çərçivədə - Kremlin özündə belə öz Vətəninə xidmət etməyin mümkün olduğunu sübut etdi.

1987-ci ildə Ulu Öndər tutduğu yüksək mövqeyə baxmayaraq öz mövcudluğunu qorumaq üçün getdikcə daha repressiv siyasət tətbiq edən və xalqdan uzaqlaşan rejimlə yolunu ayırdı.

80-ci illərin sonu - 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət aldığı dövrdə Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün bir sıra qətiyyətli və riskli addımlar atdı.

Ulu Öndər 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə   Sovet ordusunun xüsusi dəstələrinin Azərbaycana  yeridilməsi nəticəsində öz müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilən qırğına, bu insanlığa qarşı  törədilən cinayətə görə qəti etiraz edərək öz xalqının yanında   oldu.

1990-cı ilin yanvarında,  informasiya blokadasına alınmış Azərbaycan öz haqq səsini beynəlxalq ictimaiyyətə duyura bilmədiyi həmin günlərdə o dövrdə Moskvada yaşayan, lakin bütün varlığı ilə vətəninə və millətinə bağlı olan böyük vətənpərvər  Heydər Əliyev bütün maneələrə baxmayaraq xalqının səsinə ilk səs verənlərdən oldu. Ulu Ön­də­ri­miz Hey­dər Əli­yev faciənin ertəsi günü ai­lə­si ilə bir­gə Azər­bay­ca­nın Moskva­da­kı da­i­mi nü­ma­yən­də­li­yi­nə gəl­ərək soydaşlarımız və jurnalistlər qarşısında qanlı qırğını pisləyən kəskin bə­ya­nat­la çı­xış et­di,  bu müsibəti dünyaya çatdırdı.

Azərbaycan xalqı öz tarixinin növbəti faciəli dönəmində Ona tapındı. Xalqın israrı ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər məqsədyönlü şəkildə, sanki uzun illər xəyalında qurduğu, düşünülmüş,  milli, müstəqil, hüquqi  dövlət modelinin yaradılmasına başladı.

Azərbaycanın tarixində ən ağır  günlərdə Heydər Əliyev   məsuliyyəti öz üzərinə götürdü və qeyri-adi bacarığı, fitri müdrikliyi və uzaqgörən idarəçiliyi ilə  ölkəni vətəndaş müharibəsindən və parçalanmadan xilas etdi, neft sektoruna xarici sərmayə qoyuluşu üçün Azərbaycanın qapılarını açaraq ölkənin davamlı   inkişafı üçün əlverişli şərait yaratmış  oldu.

Heydər Əliyevin irsi firavan və demokratik Azərbaycan dövlətinin qurulması üçün möhkəm əsas oldu. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Ulu Öndərin  misilsiz xidmətlərindən biri də  müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsidir.   Onun gənc nəslə qayğısı digər dövlətlərin liderləri üçün nümunə ola bilər. 

Azərbaycan siyasətində  siyasi mədəniyyət,   sivil davranış normaları çərçivəsində siyasi mübarizə, partiyalararası əməkdaşlıq mühitinin formalaşdırılması siyasətinin təməli ümummili  lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ümumiyyətlə müstəqil Azərbaycanın sosial-iqtisadi, siyasi və hərbi sahədə  qazandığı bütün uğurlar Ulu Öndərin adı ilə bağlıdır.

Heydər Əliyev bütöv bir xalqı arxasınca apara bilən, ona müstəqillik, firavanlıq və  əmin-amanlıq bəxş etməyə qadir olan müdrik, qətiyyətli, xarizmatik dövlət başçısı olmaqla bərabər həm də  böyük filosof və mütəfəkkir idi.  Onun fəlsəfəsinin  qayəsi isə Azərbaycançılıq idi.

Heydər Əliyevin simasında Azərbaycan  öz tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirdi.  Bu ağır və əvəzsiz itki təkcə on milyonlarla Azərbaycanlının deyil, onun dühasına heyran olan yüz milyonların ürəyini göynətdi.

Müstəqil və güclü Azərbaycan tarixdə Heydər Əliyevin əsəri kimi xatırlanacaqdır. Onun  xatirəsi ölkənin hər bir guşəsində qədirbilən xalqı tərəfindən əbədiləşdirilib. Amma Ulu Öndərin ən böyük abidəsi  onun sabit, iqtisadi cəhətdən sağlam, sosial cəhətdən ədalətli və siyasi cəhətdən plüralist cəmiyyət qurmaq siyasətinin davam etdirilməsi,  ən böyük mirası bu günki Azərbaycan dövləti, onun siyasi kursunu ugurla  davam etdirən Azərbaycan dövlətinin rəhbərliyidir.

Bu il aprel ayının 11-də keçirilən Prezident  seçkilərində xalqın, demək olar ki, tam əksəriyyətinin İlham Heydər oğlu Əliyevin  hakimiyyətinə inam və dəstəyini ifadə etməsi də   2003-2018-ci illərdə dövlət başçısının fəaliyyətinin uğurunun daha bir göstəricisidir.

Heydər Əliyev ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirməklə milli iqtisadiyyatın gücləndirilməsi, uğurlu neft strategiyasının reallaşması, özəl sektorun inkişafı, orta sinfin formalaşması, sahibkarlıq fəaliyyəti üçün qadağaların aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi, bütün sferalarda səmərəli dövlət nəzarəti  sahəsində həyata keçirdiyi islahatlar iqtisadiyyatın xeyli dərəcədə liberallaşmasına gətirib çıxarmış,  ölkədə  dayanıqlı siyasi  sabitlik və iqtisadi inkişaf bərqərar olmuşdur.

Hesablama Palatası müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da gücləndirilməsi üçün ölkə başçısının  həyata keçirdiyi tədbirləri ürəkdən dəstəkləyir və öz səlahiyyətləri daxilində bütün təşəbbüslərinə dəstək verməyi  özünə borc bilir.

Yaradıcısı olduğu Hesablama Palatasının daim ona minnətdar olan kollektivi, bütün Azərbaycan xalqı kimi, Ulu Öndərin xatirəsini əziz tutur. Hesablama Palatasının foyesində əziz rəhbərin büstü önündə daim tər çiçəklər də rəhbərliyin və kollektivin ona hörmət və ehtiramının  ifadəsidir.   

Nə qədər ki, biz varıq, Azərbaycan var, Heydər Əliyev ideyaları yaşayacaqdır.