Azərbaycan Respublikası Hesablama Palatası beynəlxalq videokonfransda iştirak etmişdir
Əlavə olunub: 2018-02-27

27 fevral 2018-ci il tarixində MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII və XVIII sessiyasında qəbul olunmuş İş Planına əsasən videokonfrans keçirilmişdir.

 

Konfransda üzv dövlətlərdən Azərbaycan Respublikası, Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Moldova respublikalarının Ali Audit Qurumlarının əməkdaşları iştirak etmişdir.

 

Videokonfransda aşağıdakı məsələlər üzrə müzakirələr aparılmışdır:

 

  • Dövlət büdcəsinin icrasına dair illik hesabata Rəy.
  • Auditin keçirilməsi zamanı aşkar edilmiş nöqsanların təsnifatının tətbiq etmə təcrübəsi.
  • Maliyyə hesabatlarının təhlili.

 

Müzakirələr zamanı dövlət büdcəsinin icrası lə bağlı rəylərin tərtib edilməsi prosesində rast gəlinən əsas problemlər müzakirə edilmiş, həmçinin büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən təqdim edilən hesabat məlumatlarının forması və təqdim edilmə müddəti, həmin məlumatların rəylərdə istifadə imkanları ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Eyni zamanda, nəzarət tədbirlərinin nəticəsi olaraq müəyyən edilmiş nöqsanların təsnifləşdirilməsi istiqamətində Rusiya Federasiyasının təcrübəsi ilə bağlı məlumatlar təqdim edilmiş,  Azərbaycan Respublikasının bu sahədə yanaşması üzrə suallar cavablandırılmışdır.

 

Azərbaycan Respublikasının Hesablama Palatasını videokonfransda İcmal-analitik şöbənin əməkdaşları təmsil etmişdir.

 

Konfransın sonunda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinmişdir.