26 fevral - Hüzn günümüz, qürur günümüz
Əlavə olunub: 2018-02-26

Dünya tarixinin  ən müdhiş  hadisələrindən biri olan Xocalı faciəsi 1988-ci ildən başlaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Dağlıq Qarabağın yerli Azərbaycanlı əhalisinə qarşı törədilmiş əsil qətliam, soyqırım aktıdır.

 

1992-ci il fevralın 26-da Xocalıda, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərkən  XX əsrin ən qəddar - Xatın, Xirosima, Xolokost  faciələrindən daha dəhşətli   kütləvi qırğın törədilmişdir.

 

Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşən,  24 min 417 nəfər   (1991-ci il)  əhalisi olan  Xocalıda  o müdhiş günədək 7 min Azərbaycanlı dinc sakin qalmışdı. Xocalı, o dövrdə ermənilər tərəfindən Ermənistandan və Xankəndidən öz evindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərini də  bağrına basmışdı.

 

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə  Xocalının dinc və əliyalın  əhalisinə 5 saat ərzində artilleriya və ağır hərbi texnika ilə hücum edərək  yanğın, qətl və görünməmiş vəhşiliklər törətmiş,  bir gecənin içində qədim Xocalını  yerlə yeksan etmişlər.

 

Xocalı sakinlərinə  amansız divan tutulmuşdur. Qadınlar,  qız-gəlinlər əsir düşmüş, uşaqlar, qocalar girov götürülmüş, dağlara, meşələrə qaçmağa imkan tapan əhali  isə soyuq və şaxtadan məhv olmuşdur.

 

O gecə Xocalıda 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək  ağlasığmaz  vəhşiliyə, təhqir və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. 

 

8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

 

613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocalar idi. 

 

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

 

Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

 

Hər il Xocalı soyqırımının ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilir.

 

Hər il fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunur. Həmin gün saat 17:00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir, Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilir.

 

Hər il Bakıda və rayonlarda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələr, Şəhidlər xiyabanı ziyarət edilir, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlər (mətbuat konfransları, anım mərasimləri və s.) təşkil edilir,  xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materiallar yayılır və internet şəbəkəsində mütəmadi olaraq yenilənir. 

 

Hər il ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilir, xatirə gecələri, foto-rəsm sərgiləri keçirilir. Bakıda və Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda  dövlət qurumları rəhbərləri, Milli Məclisin deputatları və ziyalılar şəhid və qazi  ailələri ilə görüşürlər.

 

Azərbaycan öz qəhrəman oğul və qızları, Vətən uğrunda canını qurban verən, amma əyilməyən şəhidləri ilə fəxr edir.

 

Hər ilin  26 fevral günü Azərbaycanın  qürur günü, Ermənistan  rəhbərliyinin  və erməni xalqının utanc günü kimi daim tarixdə qalacaqdır.