Rusiya və Azərbaycan Ali Audit Qurumları arasında sosial sahələrin auditi üzrə təcrübə mübadiləsinə həsr olunmuş Seminar keçirilmişdir
Əlavə olunub: 2018-02-21

2018-ci il fevral ayının 20-21 də Azərbaycan Respublikası Hesablama Palatasında  Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin  əhəmiyyəti”  mövzusunda Seminar keçirilmişdir. 

 

2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII sessiyasında qəbul olunmuş İş Planına əsasən Azərbaycan Respublikası Hesablama Palatasının sədrliyi ilə iki gün davam edən Seminarda Rusiya Federasiyasının Hesablama Palatasının, Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Respublikası Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirdilər.

 

Seminar çərçivəsində   ikitərəfli görüşlər  olmuşdur.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Hesablama Palatası ilə Rusiya Federasiyası Hesablama Palatası arasında əməkdaşlıq haqqında 2002-ci ildə imzalanmış Sazişdən ötən dövr ərzində Azərbaycan Respublikası və Rusiya Federasiyasının sosial-iqtisadi sahədə dinamik surətdə inkişaf etdiyi, iki qonşu dövlət arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndiyi nəzərə alınaraq  2015-ci ildə Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova  yenilənmiş  Saziş  imzalamışlar. 

 

Seminar bu Sazişin ikitərəfli əməkdaşlıq haqqında müddəalarına müvafiq olaraq  sosial sahələrin və  sosial təminat  üzrə ödənişləri həyata keçirən qurumların auditi sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi məsələləri ilə öz işini davam etdirmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  Firsənd Qurbanov və Rusiya Federasiyası Hesablama Palatasının Tibbi Sığorta Federal Fondunun vəsaitləri hesabına səhiyyə, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta xərclərinə ayrılan Federal büdcə vəsaitlərinə nəzarət üzrə Departamentinin direktoru Olqa Vladimirovna Krivonos sosial sahələrin auditinin aktual problemlərindən danışmış, hər iki tərəfi maraqlandıran sualları cavablandırmışlar.

 

 

Auditor Mehriban Əlişanovanın rəhbərlik etdiyi Sosial müdafiə və sosial təminat sahələrinin auditi fəaliyyət istiqaməti üzrə Hesablama Palatasının təqdimatı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun strukturu, gəlir və xərcləri, onların tərkibi,  dinamikası, pensiya sistemi və ümumi göstəriciləri barədə qonaqlara geniş məlumat verilmiş, Palatanın Fondla bağlı  nəzarət fəaliyyəti, Fondun büdcə layihəsi, icrası haqqında Palatanın Rəylərinin tərtibi haqqında danışılmış, eləcə də Fondun xərclərinin mənbələri  göstərilmişdir. 

 

Ünvanlı sosial yardım  və sosial müavinətlərin, təqaüdlərin  dövlət büdcəsinin vəsaitləri  hesabına, əmək pensiyalarının, əmək qabiliyyətinin itirilməsinə  görə  müavinətlərin və həmkarlar ittifaqları üzrə xərclərin  Fondun öz büdcəsi  hesabına ödənildiyi qeyd edilmişdir.

 

Pensiya  Fondunun və  sosial sığorta Fondunun vəsaitlərindən fundamental tədqiqat,  idman,  sosial siyasət xərclərinə ayrılan Federal büdcə vəsaitlərinə nəzarət üzrə Rusiya Federasiyası Hesablama Palatasının Departament  direktoru Olqa Viktorovna Samarina   Departamentin  fəaliyyəti barədə məlumat vermiş, təcrübə mübadiləsi aparılmışdır.

 

Seminar çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla iştirakçı qurumların nümayəndə heyətləri rəhbərlərinin ikitərəfli görüşü də keçirilmişdir.