Bakıda “Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda Seminar keçirilir
Əlavə olunub: 2018-02-20

 2018-ci il fevral ayının 20-21 də Azərbaycan Respublikası Hesablama Palatasında  Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin  əhəmiyyəti”  mövzusunda Seminar keçirilir. 

 

2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII  sessiyasında qəbul olunmuş İş Planına əsasən Azərbaycan Respublikası Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək Seminarda Rusiya Federasiyasının Hesablama Palatasının, Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Respublikası Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirlər.

 

Tədbirdə iştirakçı qurumların nümayəndə heyətlərinin mövzu üzrə məruzələri dinlənilmişdir.

 

Seminarın ilk gununun moderatoru, Hesablama Palatasının İcmal-analitik şöbəsinin müdiri Vəfa Mütəllimova təmsil etdiyi qurumun iş təcrübəsindən danışmış, Palatanın illik fəaliyyəti üzrə  əsas göstəricilərin  hər il tərtib edilən,  ölkənin Milli Məclisinə və ictimaiyyətə təqdim olunan Hesabatda əks olunduğunu qeyd etmiş, öz fəaliyyətinin nəticələrini qiymətləndirmək üçün tətbiq edilən fəaliyyət göstəricilərinin hesablanması və məqsədi barədə ətraflı məlumat vermişdir.

 

Məruzələr ətrafında müzakirələrdə iştirakçılar təmsil etdikləri ölkənin ali audit qurumunun  fəaliyyətinin səmərəliliyinin  qiymətləndirilməsi təcrübəsini bölüşmüşlər.

 

Qeyd etmək lazımdır ki, Seminar  fevral ayının 21 -də Azərbaycan Respublikası Hesablama Palatası və Rusiya Federasiyası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Tibbi Sığorta Federal Fondunun vəsaitləri hesabına  sosial təminat  üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də Rusiya Federasiyasının Pensiya  Fondunun və  sosial sığorta Fondunun  vəsaitləri hesabına  sosial təminat  üzrə ödənişləri həyata keçirən fondların auditi sahəsində təcrübənin öyrənilməsi məsələləri ilə öz işini davam etdirəcək.