Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2018-01-31

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət  Baytarlıq Nəzarəti Xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Xidmət tərəfindən büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair;

 

- Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər Idarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının  Milli  Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiyada, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar  təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. 

 

İclasda 2018-ci il 15-26 yanvar tarixlərində Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində “Fiskal bazalar” mövzusunda keçirilən təlimdə iştirakı  barədə Hesablama Palatasının İcmal-analitik şöbəsinin İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyevin məlumatı  dinlənilmişdir.