Dövlət büdcəsindən subartezian quyularının layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2018-01-30

Məlumat “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası məqsədilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən  hazırlanmışdır.

 

 

Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamlarına əsasən 2015-2016-cı illərdə və 2017-ci ilin 9 ayında 13,8 min ha əkin sahəsinin (iki ildə) və 1,5 mln. nəfərə yaxın əhalinin içməli suya olan təlabatının ödənilməsi məqsədi ilə 762 ədəd subartezian quyularının layihələndirilməsi və tikintisinə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə (ASC) 50,8 mln. manat məbləğində vəsait ayrılmışdır. Layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş 762 ədəd subartezian quyularından 612 ədədi 22 avqust 2017-ci il  tarixinədək təhvil verilmişdir.

 

Müvafiq sərəncamlarda artezian quyularının tikintisi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 ədəd artezian quyusu da qazılmışdır. Subartezian quyularının  hər  biri  üzrə  suvarma potensialının orta göstəricisi  25-30 hektar torpaq səhəsinin suvarılmasına nəzərdə tutulduğu halda, 2015-ci ildə  təhvil verilən 302 subartezian  və artezian quyusundan 55 ədədi 1-10 hektar, 34 ədədi 11-15 hektar, 42 ədədi 16-20 hektar, 66 ədədi 21-25 hektar, 105 ədədi 26 hektardan artıq torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuşdur. Bunun nəticəsi olaraq, 2015-ci ildə  təhvil verilən quyuların 65,2%-i, 2016-cı ildə  isə  61,9%-nin layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edəcəkdir.

 

Müəyyən edilmişdir ki, yeni subartezian və artezian quyularının bir qismi yaşıllıq sahələrinin suvarılmasına və istehsal obyektlərinə, parkların su təminatına, suvarma üçün infrastruktur olmadığı, həmçinin əkin sahəsi və yaşayış olmayan sahələrdə, otlaq sahələrində, öz təzyiqi ilə çıxan su mənbələrində, balıqartırma məntəqələri və fermaların su təminatı üçün onların yaxınlığında, su mənbəyinə malik olan mexaniki suvarma kanallarının və digər fəaliyyətdə olan quyuların yaxınlığında inşa olunmuşdur. Yeni tikilmiş subartezian və artezian quyuları üzrə su nümunələrinin bakteroloji və kimyəvi analizləri barədə məlumat lövhələri quyulara vurulmamış və suyun keyfiyyət göstəriciləri barədə əhali məlumatlandırılmamışdır.

 

Hesablama Palatasının Kollegiyası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması məqsədilə nəzərdə tutlmuş qaydada tədbirlərin görülməsi barədə qərar qəbul etmiş və  həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə Qərarın surəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilmişdir.

 

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.