Dövlət büdcəsindən Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2018-01-30

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

 Azərbaycan Respublikası  Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq  dövlət büdcəsindən 01 yanvar 2015-ci il tarixindən 01 oktyabr 2017-ci il tarixədək olan dövürdə  Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

Respublika Gigiyena və Epidemologiya Mərkəzi üzrə mövcud ştatların 2015-ci ildə 24,4%-i və ya 99,5 vahidi, 2016-cı ildə 24,8%-i və ya 101,0 vahidi, 2017-ci ildə 23,7%-i və ya 96,5 vahidi vakant olmuşdur.

 

Auditlə əhatə olunan dövrdə tarif dərəcələri düzgün müəyyənləşdirilməmiş, dərman, reaktiv və digər materiallar üzrə çatışmazlıq olmuş, görülmüş işlərin hesab-fakturada düzgün əks etdirilməməsi nəticəsində podratçı təşkilatın hesabına artıq vəsait ödənilmiş, ödənişli xidmətin düzgün təşkil olunmaması səbəbindən görülmüş işlərə görə xidmət haqlarının tam alınması təmin edilməmiş,artıq ezamiyyə xərci ödənilmiş, təmir-tikinti işlərinin rəsmiləşdirilməsi zamanı iş həcmlərinin artırılması hallarına yol verilmişdir.

 

 “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, müəssisədə əməliyyatların baş verməsi faktını əks etdirən ilkin uçot sənədlərinin toplanması, həmin əməliyyatlar üzrə memorial orderlərin yazılması və mühasibat qeydlərinin memorial orderlərdən maliyyə hesabatlarına köçürülməsi zamanı bəzi hallarda nöqsanlara yol verilmiş, uçota alınan xərclər maliyyə hesabatlarının bölmələrinə və maddələrinə uyğun təsnifləşdirilməmiş, əsaslı təmir xərci kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinmiş, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanmışdır.

 

 Hesablama Palatasının Kollegiyası Respublika Gigiyena və Epidemologiya Mərkəzi  tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul etmiş, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Respublika Gigiyena və Epidemologiya Mərkəzinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə  göndərilmişdir.

 

Eyni zamanda  nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənməsinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilmişdir.

 

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.