Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2018-01-30

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2016-2017-ci ilin 1-ci yarımilliyində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

Audit tədbiri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumları olan Dövlət Bayrağı Muzeyi və Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də təsərrüfathesablı təşkilatları olan "Sahil Xidməti" MMC və"Dənizkənarı Milli Park" MMC-ni əhatə etmişdir. Auditlə ümumilikdə 66454,5 min manat məbləğində vəsait əhatə olunmuşdur.

 

Müsabiqədənkənar işə götürülmüş işcilər dövlət qulluğuna qəbul olunmuş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilmiş, eyni zamanda, dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya (stajçıya) mükafat artıq ödənilmiş, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əmək haqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilmişdir.

 

 Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə  riayət olunmayaraq vəzifə maaşları yüksək müəyyənləşdirilmişdir.

 

 "Dənizkənarı Milli Park" MMC tərəfindən xidmət müqaviləsi bağlanılmış hüquqi və fiziki şəxslər üzrə "Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qərarının müvafiq tələblərinə tam əməl edilməmiş, eyni zamanda dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməyərək dövlət büdcəsinə icarə haqqı hesablanmamış və ödənilməmiş, həmçinin pullu xidmət göstərən obyektlərin işlətdikləri enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilmişdir.

 

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumları tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Kollegiya qərarının surəti, habelə Maliyyə Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktublar göndərilmişdir. Auditin nəticələri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat təqdim edilmişdir.