Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov SIGMA proqramının satınalmalar üzrə ekspertini qəbul etmişdir
Əlavə olunub: 2018-01-24

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Avropanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa İttifaqının birgə təşəbbüsü olan SIGMA proqramının satınalmalar üzrə baş məsləhətçi Daniel İvarssonu qəbul etmişdir. Görüşdə dövlət satınalmalarının ümumi dövlət idarəçiliyində xüsusi əhəmiyyəti və bununla əlaqədar kənar dövlət nəzarəti funksiyasının artan məsuliyyətləri barədə geniş müzakirə və fikir mübadiləsi aparılmışdır.

 

SIGMA proqramının təmsilçisi hazırki missiyanın hədəfləri haqqında məlumat verdikdən sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov son dövr ərzində dövlət satınalmaları üzrə nəzarət tədbirləri və onların icmallaşdırılmış nəticələri, Hesablama Palatasının INTOSAI təşkilatının aidiyyəti İşçi Qrupu çərçivəsindəki fəaliyyəti, hazırlanan illik hesabatlarda və digər sənədlərdə satınalma məsələlərinə xüsusi diqqətin yetirilməsi barədə məlumat vermişdir. Daha sonra beynəlxalq ekspert ilə “Hesablama Palatası haqqında” yeni qanun layihəsinin qəbul edilməsindən sonra dövlət satınalmaları üzrə kənar dövlət nəzarəti funksiyasının yeni və genişləndirilmiş səlahiyyət və məsuliyyətləri ətrafında müzakirə aparılmışdır. Görüş zamanı, həmçinin, respublikada dövlət satınalmalarının idarə olunması sahəsində aparılan islahatlar, müvafiq qanunvericiliyin daha da inkişaf etdirilməsinin zərurəti və bu proseslərdə Ali Audit Qurumunun rolu ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Sonda hər iki tərəf SIGMA ilə Hesablama Palatası arasında dövlət auditinin gücləndirilməsinin zərurəti zəminində yaranmış əməkdaşlıq səviyyəsində  razı olduğunu bildirmiş və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.