Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq layihəsinin ilk missiyası 8-11 yanvar 2018-ci il tarixlərində Hesablama Palatasında səfərdə olmuşdur
Əlavə olunub: 2018-01-12

Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq layihəsinin həyata keçirilməsi çərçivəsində layihənin ilk missiyası 8-11 yanvar 2018-ci il tarixlərində Hesablama Palatasında səfərdə olmuşdur. Missiya layihənin maliyyə və uyğunluq auditləri, həmçinin səmərəlilik auditi həyata keçirmək və müvafiq hesabatlar hazırlamaq potensialının yüksəldilməsi komponentləri ilə bağlı olmuşdur.

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının ekspertləri qəbul edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, hər iki Komponentlə bağlı gözlənilən nəticələri diqqətə çatdırmışdır. V. Gülməmmədov polşalı həmkarların qabaqcıl təcrübəsinə və peşəkar bacarığına olan inamını bildirməklə onlar tərəfindən qeyd edilən istiqamətlərdə zəruri dəstəyin göstəriləcəyinə əminliyini çatdırmışdır.

 

Missiya Hesablama Palatasının maliyyə və uyğunluq auditi, həmçinin səmərəlilik  auditi metodologiyalarının INTOSAI–ın qəbul etdiyi Ali Audit Qurumlar üçün Beynəlxalq Standartlara (ISSAI) Uyğunluğun Qiymətləndirilməsi Aləti (iCAT) baxımından müfəssəl təhlilini həyata keçirmək və nəticələr barədə Hesablama Palatasının rəhbərliyinə hesabat verilməsi ilə bağlı müvafiq məsələləri müzakirə etmək və gələcək işləri planlaşdırmaq məqsədini daşımışdır.  Hər iki fəaliyyət üzrə ekspertlər Hesablama Palatasının komponent rəhbərləri və bu fəaliyyətlər üzrə Hesablama Palatası tərəfindən müəyyən edilmiş struktur bölmənin əməkdaşlarının iştirakı ilə ikitərəfli görüşlər keçirmişdir.Görüşlərdə Hesablama Palatasının maliyyə və uyğunluq auditləri, habelə səmərəlilik auditi üzrə müvafiq təlimat və sənədləri nəzərdən keçirilmiş, Hesablama Palatasının ISSAI-in 3 və 4-cü səviyyələrinə uyğun olaraq maliyyə, uyğunluq və səmərəlilik auditinin planlaşdırılması metodlarının və təcrübələrinin təhlili və ISSAI tələblərinə  uyğunluğunun müəyyən edilməsi ilə bağlı müvafiq müzakirələr aparmışlar.