Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinin auditinin nəticələri barədə məlumat
Əlavə olunub: 2017-12-19

Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli fəaliyyət Planı"nin 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır

 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01 yanvar 2015-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

Kredit vəsaitlərinin ayrılması prosesində bir sıra hallarda müvafiq normativ qaydaların tələbləri gözlənilməyərək, regionlar üzrə kredit vəsaitlərinə olan tələbata dair məlumatlar əhatəli olmamış, bəzi hallarda layihələrin ekspertizası aparılmamış, bir neçə halda əməkdaşlıq üçün müvəkkil kredit təşkilatları (MKT) müvafiq tələblərə uyğun seçilməmiş, MKT-lər tərəfindən öhdəlik üzrə geri qaytarılan vəsaitlər bir məbləğlə ödənildiyi üçün layihələr üzrə əsas və faiz borcunun ödənişlərinin uçotunun aparılması təmin edilməmiş, vaxtı keçmiş bəzi borclar  balansda öz əksini tapmamışdır.

 

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsinə görə ödənilmiş faizlər hesabına formalaşdırılan Sığorta fondunun vəsaitlərinin istifadəsinin daxili Qaydaları”na uyğun olaraq qaytarılan kredit vəsaitləri üzrə 2% faizlik borcun 75,0% hissəsinin Xidmətin Sığorta Fonduna köçürülməsi müəyyən edilsə də bəzi hallarda Fonda artıq vəsait ödənilmiş, MKT-lərdən daxil olan kredit layihələrinin monitorinqləri barədə hesabatlar tam araşdırılmamış, kredit vəsaitlərindən istifadənin qənaətbəxşliyi barədə qeydlər aparılmamışdır.

 

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər məsələlər istiqamətində görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul etmişdir.

 

Auditin nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilmişdir.