“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində həyata keçirilmiş auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2017-12-19

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunmuş, elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunmuşdur.

 

Eyni zamanda, səmərəlilik və likvidlik göstəricilərinin təhlili ilə kapital və aktivlər mənfəətliliyin artırılması ilə bağlı potensialın tam reallaşdırılmadığı, likvidlik göstəricilərinin təhlili ilə qısamüddətli aktivlərin qısamüddətli öhdəlikləri yerinə yetirmək  vəziyyətini əks etdirən  göstəricinin aşağı olduğu, borclanma və digər göstəricilərin təhlili ilə isə cəmiyyətin öhdəliklərinin xalis kapitalından çox olması səbəbindən maliyyə risklərinin yüksək olduğu, həmçinin təqdim olunan maliyyə hesabatlarının  göstəricilərinə əsasən hər səhmə düşən divident məbləğinin azaldığı müəyyən edilmişdir.

 

Hesablama Palatasının Kollegiyası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti və Təqdimat “Azərenerji” ASC-yə göndərilmişdir.

 

Kollegiya Qərarında “Azərenerji” ASC tərəfindən  “Şirvan İES” MMC və  "Bakı İEM" MMC tərəfindən istehsal olunan  enerjinin iqtisadi göstəricilərinin aşağı olması,   hər iki stansiya üzrə maddi  resurslardan məhsuldar və daha  səmərəli istifadə olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi də öz əksini tapmışdır.     

                                                                          

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.