Hesablama Palatasının sədri V. Gülmməmədov Gürcüstan Respublikasında səfərdə olmuşdur
Əlavə olunub: 2017-12-13

Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov 12 dekabr 2017-ci il tarixində Gürcüstan Respublikasının Ali Audit Qurumu olan Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri, Baş Auditor cənab İrakli Mekvabişvilinin dəvətilə Gürcüstanda səfərdə olmuşdur.

 

Səfərin məqsədi Gürcüstan AAQ-nın 2018-2022-ci illər üzrə İnkişaf Strategiyasının təqdimatı ilə bağlı keçirilmiş konfransın işində iştirak olmuşdur. Konfrans Avropa İttifaqının Gürcüstan Respublikasındakı nümayəndəliyi ilə birgə təşkil edilmişdir.

 

Konfransda rəsmi açılış nitqi ilə Gürcüstanın Baş Auditoru cənab İrakli Mekvabişvili çıxış etmiş, konfransa dəvət olunan bütün qonaqları salamlamış, tədbir barəsində konfrans iştirakçılarına məlumat vermişdir. Daha sonra, Gürcüstan Parlamentinin Sədri Irakli Kobakhidze  iştirakçıları salamlayaraq bu tədbirin əhəmiyyətini, AAQ-ların dövlət idarəetməsində rolunun gücləndirilməsi sahəsində potensialının gücləndirilməsinin vacibliyini vurğulamışdır. Aİ-nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri qonaqları salamlayaraq təqimat və Gürcüstan AAQ-ı ilə keçiriləcək layihə barəsində məlumat vermişdir. Konfransda Gürcüstan Parlamentinin üzvləri, Gürcüstan Hökuməti, Beynəlxalq Donor İctimaiyyətləri və Gürcüstandakı diplomatik missiyalar iştirak etmişdir.

 

Tədbirdə Gürcüstan AAQ-nın Baş Auditoru İrakli Mekvabishvili tərəfindən Gürcüstan Dövlət Audit Ofisinin 2018 – 2022-ci illər üzrə İnkişaf Strategiyası ilə bağlı təqdimat diqqətə çatıdırılmış, Ali Audit Qurumlarının Fəaliyyətinin Dəyərləndirilməsi Çərçivəsi (PMF) ilə bağlı nəticələr, “Qabaqcıl idarəçilik təcrübələri” ilə bağlı AAQ-ın vacibliyi məsələlərinə toxunulmuş, o cümlədən “Gürcüstan AAQ-nin institusional gücləndirilməsi” ilə bağlı Aİ Layihəsi barədə məlumat verilmişdir.

 

Konfransdan sonra Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov ilə Gürcüstan AAQ-nın Baş Auditoru Irakli Mekvabishvili arasında ikitərəfli görüş keçirilmişdir. Görüşdə hər iki qurum arasında mövcud olan əməkdaşlıq və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məsələləri, gələcəkdə kənar dövlət auditi sahəsində birgə təlimlərin təşkili və bu sahə üzrə informasiya mübadiləsi kimi məsələlər müzakirə edilmişdir. Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov hal-hazırda Azərbaycan Respublikası Hesablama Palatasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvinninq layihəsi, həmçinin 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planında nəzərdə tutulmuş əsas məqsəd və tədbirlər barədə məlumat vermişdir.