Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-12-13

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsi müzakirə edilərək təsdiq olunmuşdur.

 

Rəy “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.1-ci bəndinə müvafiq olaraq hazırlanmışdır. Rəydə 2018-ci ildə Fondun gəlir və xərcləri barədə ətraflı məlumat verilmişdir.   

 

İclasda, Azərbaycan Respublikası Hesablama Palatasının Strateji İnkişaf Planının (SİP) layihəsi geniş müzakirə edilərək təsdiq olunmuşdur. SİP 2018-2020-cı illəri əhatə etməklə 5 Stateji Məqsədin reallaşdırılmasına yönəldilmişdir. Ali Audit Qurumlarının inkişaf üzrə Strateji Planına malik olması Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın qəbul etdiyi standartın (ISSAI 12) tələbi olduğu diqqətə çatdırılmış, nəzərdə tutulmuş məqsədlərin Hesablama Palatasının hazırladığı rəylərin və hesabatların təkmilləşdirilməsi, yeni audit metodlarının tətbiqi, normativ-hüquqi bazanın genişləndirilməsi, potensialın gücləndirilməsi və maraqlı tərəfdaşlarla, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində formalaşdırıldığı qeyd edilmişdir.

 

Kollegiya iclasında həmçinin Hesablama Palatasının 2018-ci il üzrə İş Planı təsdiq edilmişdir.