Hesablama Palatasının əməkdaşları ECOSAI-ın tədbirində iştirak etmişlər
Əlavə olunub: 2017-12-01

Türkiyə Respublikasının Antalya şəhərində ECOSAI-ın “Maliyyə auditi / Risk əsaslı audit” mövzusunda keçirilmiş praktik seminarda  9 ölkənin ali audit qurumundan (Pakistan, Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Fələstin, Türkiyə, Şimali Kipr) 18 nümayəndə, o cümlədən Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət büdcəsinin gəlirlərinin auditi şöbəsinin müdiri Cavid Fəzail oğlu Bayramov və İqtisadi sahələrin auditi şöbəsinin böyük məsləhətçisi Nazim Lətif oğlu Nağdəliyev iştirak etmişlər.

 

Seminarı giriş sözü ilə Türkiyə Hesablama Məhkəməsinin və ECOSAI-ın sədri Seyid Ahmed Baş açıq elan etmiş və tədbir haqqında qısa məlumat vermişdir.

 

Seminar Pakistan Baş Auditor Ofisinin təmsilçiləri tərəfindən aparılmışdır. Tədbirin gedişatında Maliyyə auditi, Uyğunluq auditi və Səmərəlilik auditinə giriş, Risk əsaslı audit konsepsiyası, Ali Audit Qurumlarının Beynəlxalq Standartlarına (ISSAI) giriş, Maliyyə auditinin planlaşdırılmasının əsas xüsusiyyətləri, Uyğunluq auditinin və Səmərəlilik auditinin əsasları, Maliyyə auditində risk əsaslı yanaşma – planlaşmanın əsas parametrləri, eləcə də Uyğunluq/Səmərəlilik auditi – risk əsaslı yanaşma (detallı planlaşma) mövzuları üzrə təqdimatlar, həmçinin növlər üzrə auditin planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı praktiki nümunələr göstərilməklə məsələlərin həlli ilə bağlı müzakirələr aparılmışdır.

 

Yekunda praktiki seminarın nəticələri barədə məlumat verilmiş, iştirakçıların tədbir haqqında rəyləri dinlənilmiş və “Maliyyə auditi / Risk əsaslı audit” mövzusu üzrə praktik seminarın sertifikatları iştirakçılara təqdim edilmişdir.