Hesablama Palatasının əməkdaşları Türkiyə Respublikasının Hesablar Məhkəməsində təlimlərdə iştirak etmişlər
Əlavə olunub: 2017-11-27

Hesablama Palatasının 17 nəfərdən ibarət nümayəndə heyəti 20-24 noyabr tarixlərində Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Türkiyə Respublikasının Ali Audit Qurumu olan  Türkiyə Hesablar Məhkəməsində  təlimlərdə iştirak etmişdir.

 

Nümayəndə heyətini Türkiyə Hesablar Məhkəməsinin Sədri Seyit Ahmet Baş qəbul edərək iki qurum arasında əməkdaşlığın ildən ilə daha gücləndiyini və istiqamətlərin genişləndiyi vurğulamışdır.

 

Görüşdə Hesablama Palatası və Türkiyə Hesablar Məhkəməsi əməkdaşlarının hər iki ölkənin Ali Audit Qurumları tərəfindən müxtəlif mövzularda həyata keçiriləcək nəzarət tədbirlərində qarşılıqlı olaraq birgə iştirakı, həmçinin təlimçilərin hazırlanması ilə bağlı təkliflər müzakirə edilmişdir.

 

Təlimlər iki qrup üzrə təşkil edilmiş və 5 gün ərzində keçirilmişdir. Birinci qrupda maliyyə auditi, səmərəlilik auditi və İT auditi ilə bağlı Türkiyə Respublikasının təcrübəsi üzrə məruzələr edilmiş, fikir mübadiləsi aparılmışdır. İkinci istiqamət dövlət büdcəsinin icrası ilə bağlı hər iki ölkənin Ali Audit Qurumlarının hazırldıqları hesabatlar və dövlət borcunun təhlilinə həsr edilmişdir.

 

Təlimin sonunda Türkiyə Hesablar Məhkəməsinin Sədri Seyit Ahmet Baş Hesablama Palatasının nümayəndə heyətinin üvlərinə təlimdə iştirak etmələri ilə bağlı sertifikatları təqdim etmişdir.