Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-11-24

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

  • Dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və dövlət rüsumlarının tutulmasına dair;                  

  • “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin meliorasiya, mexaniki suvarma və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələrinin funksional fəaliyyətinin, ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və xərclərin icrasının təhlilinə  dair;

  • “Sosial müavinət, kompensasiya və təqaüdlərin təminatının mövcud vəziyyətinin təhlili və səmərəliliyinin müəyyən edilməsinə dair;  

  • Dövlət büdcəsindən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;  

  • Dövlət büdcəsindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram  təsdiq olunmuşdur.

 

Hesablama Palatasının şöbə müdiri Cavid Bayramov və İqtisadi sahələrin auditi şöbəsinin  əməkdaşı  Nazim Nağdalıyev  2017-ci ilin  6 - 11 noyabr tarixində Türkiyə Respublikasının Antalya şəhərində ECOSAl-ın “Maliyyə auditi / Risk əsaslı audit” mövzusunda keçirilmiş praktik seminarda iştirakla bağlı  Kollegiyada məruzə etmişlər.