Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədovun 2018-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxışı
Əlavə olunub: 2017-11-21

Hörmətli cənab Sədr! Hörmətli millət vəkilləri!

Hörmətli hökumət üzvləri, xanımlar və cənablar!

 

Növbəti ilin dövlət büdcəsinin layihəsi, həmçinin makroiqtisadi vəziyyəti xarakterizə edən parametrlər barədə natiqlər ətraflı məlumat verdilər.

 

İstərdim ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq  müzakirə olunan qanun layihəsi və bu layihə ilə birlikdə təqdim edilən sənədlərlə bağlı Hesablama Palatasının öz səlahiyyətləri çərçivəsində hazırladığı Rəyini Sizlərə  təqdim edim.

 

İlk olaraq qanun layihəsinin mövcud qanunvericiliyinin tələblərinə uyğunluğu barədə.

 

Bildiyiniz kimi növbəti il üzrə dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilər “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsi ilə müəyyən olunur. Bu maddənin tələblərinə uyğun olaraq Qanun layihəsində  gəlirlərin və xərclərin ümumi məbləği, həmçinin mədaxil mənbələri üzrə gəlirlərin məbləği, o cümlədən mərkəzləşdirilmiş və yerli gəlirlərlərə aid edilən daxilolmalar göstərilmişdir.

 

Qanun layihəsində funksional təsnifatın bölmə və köməkçi bölmə səviyyəsində xərclərin məbləği göstərilmiş, qrant və transfertlərin, həmçinin Naxçıvan Muxtar Respublikasına və bələdiyyələrə dotasiyaların məbləği müvafiq qaydada əks etdirilmişdir.

 

Qanununun tələblərinə uyğun olaraq həmçinin layihədə daxili və xarici dövlət borcu üzrə əsas borc və faiz ödənişlərinə, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə nəzərdə tutulmuş vəsaitin məbləği  göstərilmişdir. Daxili və xarici borclanmanın, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi mövcud tələblərə müvafiq olaraq layihədə əks etdirilmişdir.

 

Qeyd edilm ki, müzakirəyə təqdim olunan Qanun layihəsində ehtiyat fondarın müəyyən edilmiş məbləğləri “Büdcə sistemi haqqında“  Qanunda bu fondların büdcə xərclərinin ümumi xərclərinə nisbəti tələb olunan hədd daxilindədir.

 

Qanun layihəsində həmçinin büdcə kəsiri və kəsirin maliyyələşdirilmə mənbələri əks olunmuşdur. Diqqətə çatdırmaq istərdim ki,  2017-ci illə müqayisədə büdcə kəsirinin təqribən üçdə biri qədər az proqnozlaşdırlması növbəti ildə dövlət büdcəsinin gəlirlərinin xərcləri ilə müqayisədə daha nəzərəçarpacaq templə proqnozlaşdırlması ilə bağlıdır.

 

“Büdcə sistemi haqqında” Qanunun tələblərinə əsasən layihədə müdafiə olunan xərc maddələrinin ilk növbədə maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

 

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Qanun layihəsində Neft Fondunun gəlirləri nəzərə alınmadan 2018-ci il icmal büdcəsinin kəsiri, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği göstərilmişdir.

 

Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanunda büdcə ssudalarının ümumi məbləği və istiqamətlərinin göstərilməsi, həmçinin dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddinin göstərilməsi ilə bağlı tələblər də təsbit edilmişdir. Qeyd edim ki, Qanun layihəsi  və “Büdcə zərfi” ilə birgə təqdim edilmiş məlumatlara görə növbəti ildə bu istiqamətlərdə xərc nəzərdə tutulmamışdır. 

 

Beləliklə, ümumiləşdirmə apararaq dövlət büdcəsi ilə bağlı təqdim edilmiş Qanun layihəsinin müəyyən edilmiş zaman çərçivəsində və qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlandığını vurğulamaq istərdim.

 

“Büdcə sistemi haqqında” Qanun, eyni zamanda, 12-ci maddəsi ilə dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədləri də müəyyən edir.  Diqqətə çatdırmaq istərdim ki, müzakirəyə təqdim edilmiş “Büdcə zərfi”nə daxil olan sənəd və məlumatlar Qanunun bu maddəsinə uyğundur.

 

 Hörmətli millət vəkilləri!

 

Milli Məclisin ayrı-ayrı komitələrində aparılan müzakirələrdə Hesablama Palatasının müxtəlif istiqamətlər üzrə nəticə və tövsiyyələri səsləndirilmişdir. Bunları nəzərə alaraq mən bir neçə istiqamətdə Rəydə əks etdirilmiş nəticələri diqqətinizə çatdırmaq istəyirəm.

 

“Büdcə zərfi”nə daxil edilən mühüm sənədlərdən biri büdcə-vergi siyasəti ilə bağlıdır. Büdcə-vergi siyasətində iki mühüm hədəf üzərində dayanmaq istərdim.  

 

“Makroiqtisadi sabitliyin qorunması məqsədilə büdcə xərclərinin pul proqramının parametrlərinə uyğun həddə tənzimlənməsi” hədəfi 2017-ci ildən daxil edilmişdr. Müəyyən edilən bu hədəfin reallaşdırılması fiskal və monetar siyasətin koordinasiyası və makroiqtisadi tarazlığın təmin edilməsinə xidmət edəcəkdir. Son nəticədə makroiqtisadi sabitliyin bərqərar olunmasına şərait yaranacaq ki, bu da dövlət maliyyəsinin ilk funksiyası kimi qəbul edilir.

 

Növbəti il üçün “Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrinin, dövlət proqram və tədbirlərin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş yeni dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinin təmin edilməsi” ilə bağlı hədəf də müəyyən edilmişdir.

 

İkinci diqqət edilən hədəf - Bu hədəf ölkədə dövlət maliyyəsinin idarə edilməsinin növbəti mərhələsinin icrasına başlanılmasından xəbər verir və onun reallaşdırılması instiitusional islahatların yeni mərhələsi kimi qəbul edilməklə fiskal intizamın təmin edilməsində və son nəticədə büdcə parametrlərinin rasionallığının artırılmasında mühüm rol oynayacaqdır.

 

Hörmətli millət vəkilləri!

 

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev öz çıxışlarında növbəti ilin dövlət büdcəsinin bu ilin büdcəsindən böyük olacağını və buna bütün imkanların olduğunu qeyd etmiş və bununla bağlı mühüm tapşırıqlar vermişdir. Qeyd edim ki, ölkə başçısının tapşırıqlarına müvafiq olaraq 2018-ci ilin dövlət büdcəsinin həm gəliri, həm də xərci artımla proqnozlaşdırılmışdır.

 

Belə ki, məndən əvvəl çıxışlarda da qeyd edildiyi kimi, növbəti ildə dövlət büdcəsinin gəlirləri 2017-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 20,0%, xərcləri isə 16,5% çox proqnozlaşdırılmışdır.

 

Bir qayda olaraq ölkəmizdə vergi  daxilolmalarının artırılması, xüsusilə qeyri-neft sektorunun inkişafı və bu sahədən gəlirlərin artırlması dövlət başçısı tərəfindən strateji hədəflər kimi müəyyən edilmişdir.

 

Növbəti il üçun dövlət büdcəsinin tərkibində həm vergi gəlirləri (9369,0 mln.manat), həm də qeyri-neft sektorundan gəlirlər (9031,0 mln.manat) əvvəlki illərlə müqayisədə tarixi inkişaf mərhələsinin ən yüksək həcmində nəzərdə tutulur ki, bu da iqtisadi artım prosesinin real sektorun istər neft, istərsə də post neft dönəmində dayanıqlığından qaynaqlandığını göstərir.

 

Dövlət büdcəsinin vergi gəlirlərinin növbəti il üzrə nəzərdə tutulan artımı investisiya mühitinin təşviqi çərçivəsində vergi qanunvericiliyi müstəvisində azadolma və güzəştlərin son illər ərzində genişləndirilməsi şəraitində proqnozlaşdırılmışdır.

 

Vergi güzəştlərinin və azadolmalarının monitorinqinin aparılması, eləcə də səmərəliliyinin müəyyən edilməsi, “Azərbaycan Respublikasının 2018-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası”na daxil edilmiş vergi siyasətinin 2018-2021-ci illəri əhatə edən prioritet istiqamətlərində əks etdirilmişdir ki, bunu Hesablama Palatasının öz Rəyində müsbət addım kimi qiymətləndirilmişdir.

 

Hesablama Palatası Rəyində dövlət gəlirlərinin potensialları ilə bağlı bəzi tövsiyyələr vermişdir. İstərdik ki,  müvafiq orqanlar bu təklifləri dəyərləndirsinlər.

 

Ümumiyyətlə götürdükdə isə, Hesablama Palatası birbaşa vergilərin vergitutma bazasının optimallaşdırılması və universallığının təmin olunmasını,  dolayı vergilərin qeyri-xammal ixracının təşviqində stimullaşdırıcı rolunun artırılmasını, eyni zamanda bu vergilərin əhatə dairəsinin genişləndirilməsini, inzibatçılığın daha da gücləndirilməsini və zəruri istiqamətlər üzrə qanunvericiliyin təkmilləşdirilməsini təklif edir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət büdcəsinin strukturu, həmçinin Dövlət Neft Fondundan transfertlərin istiqamətləri ilə bağlı konkret tapşırıqlarını vermişdir. Qeyd edim ki, növbəti ildə cari xərclərin 137,4 mln. manat, əsaslı xərclərin 2,5 mlrd. manat və dövlət borcuna xidmətlə bağlı xərclərin isə 621,0 mln. manat məbləğində artımı proqnozlaşdırlmışdır. 2018-ci ildə Dövlət Neft Fondundan transfertin təqribən 86,0%-nin ölkə başçısının tapşırığına müvafiq olaraq əsaslı xərclərə yönəldiləcəyini vurğulamaq lazımdır.

 

Eyni zamanda, dövlət büdcəsinin 9,4 mlrd. manat vergi gəlirlərinin, həmçinin Fonddan transfertlər və vergi gəlirləri nəzərə alınmadan 1,5 mlrd.manat məbləğində qeyri-vergi gəlirlərinin nəzərdə tutulması 2018-ci ilə proqnozlaşdırılmış 10,8 mlrd. manat məbləğində cari xərclərin tamamilə maliyələşdirilməsində şərait yaradacaqdır.

 

Hörmətli millət vəkilləri!

 

Hörmətli Baş Nazir və Mərkəzi İcra Hakimiyyəti Orqanlarının rəhbərlərinin burda olduğunu nəzərə alaraq bir vacib məsələnin üzərində dayanmaq istərdim.

 

Dövlət büdcəsinin cəmi xərclərində, o cümlədən bir çox funksional ,xüsusilə sosial sektor üzrə vəsaitlərdə artım proqnozlaşdırılmışdır. Ölkənin inkişaf istiqamətlərini təmin edəcək vəsaitlərin ildən-ilə artırıldığı bir şəraitdə büdcə xərclərini, xüsusilə müxtəlif norma və normativləri tənzimləyən sənədlərin iqisadi inkişafımızın ilkin mərhələlərində hazırlandığını nəzərə alaraq bu normativ hüquqi aktların əhatəsinin genişləndirilməsi və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə xüsusi zərurət olduğunu vurğulamaq istərdim. Hesablama Palatası bu addımların büdcə vəsaitlərinin daha qənaətli istifadəsinə şərait yaradacağı, həmçinin nəzarət mexanizmlərinin səmərəliliyini yüksəldəcəyi qənaətindədir.    

 

Hörmətli millət vəkilləri!

 

Beynəlxalq təcrübə və nəzəriyyədə borc göstəricilərinə bir sıra  indikatorlar aid edilir.  Hesablama Palatasının Rəyində bu göstəricilər dövlət (ictimai) maliyyəsinin ən yaxşı təcrübəsi olaraq müəyyən edilən  nümunələr əsasında qruplaşdırılmış, həmçinin təhlili aparılmışdır.

 

Vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkəmizdə borc dayanıqlılığının mövcud olduğunu göstərir.

 

Eyni zamanda, diqqətə çatdırmaq istərdim ki, növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı həddləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) qanun layihəsində azalma ilə proqnozlaşdırılmışdır.

 

Hörmətli millət vəkilləri!

 

Hesablama Palatası Kollegiyasının Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsi ilə bağlı qərarını diqqətinizə çatdırır və ümid edirəm ki, büdcə müzakirələri zamanı Hesablama Palatasının Rəyi də nəzərə alınacaqdır.