“Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” Tvinninq Layihəsinin rəsmi açılışı keçirilmişdir
Əlavə olunub: 2017-11-20

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvininq layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir.

 

Layihənin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə mühüm töhfə verməkdir. Tvininq layihəsi ilə bağlı tam təfsilatlı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz: http://sai.gov.az/1/statics/10/

 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihəyə oktyabrın 1-də start verilmişdir və Benefisiar Ölkəni təmsil edən Azərbaycan Respublikası Hesablama Palatasının və Aİ-yə Üzv Dövlət qismində Slovakiyanın və Xorvatiyanın Ali audit qurumlarının (AAQ) ekspertlərinin dəstəyi ilə Polşanın Ali Audit İdarəsi (NIK) tərəfindən həyata keçirilir. Layihə 2019-cu ilin dekabrınadək 27 ay müddətində davam edəcəkdir.

 

Konfransın rəsmi açılış nitqi ilə Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Cənab Vüqar Gülməmmədov çıxış etmiş, layihə üzrə həm Polşa və Azərbaycan tərəf müqabillərini salamlamış, layihənin əhəmiyyəti haqqında konfrans iştirakçılarına məlumat vermişdir.

 

Konfransda layihə üzrə tərəf müqabili olan Polşa Ali Audit İdarəsinin Prezidenti cənab Krzysztof Kwiatkowski, Səfir, Aİ Nümayəndəliyinin Rəhbəri cənab Kęstutis Jankauskas, Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri cənab  Marek Całka, Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Tahir Mirkişili çıxış edərək layihənin hər iki tərəf üçün faydalı olacağına inandıqlarını bildirmişlər. Polşa Ali Audit İdarəsinin Vitse-Prezidenti və layihənin rəhbəri olan cənab Wojciech Kutyła konfrans iştirakçılarına layihə haqqında təfsilatlı məlumat vermişdir.

 

Konfransda, həmçinin, Aİ-yə Üzv Ölkənin və Benefisiar Ölkənin tərəfdaş qurumlarının Layihə Rəhbərləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin, Benefisiar ölkənin dövlət maliyyə nəzarəti qurumlarının və xəbər agentliklərinin nümayəndələri də iştirak etmişlər.