Hesablama Palatasının əməkdaşı BMT-nin Ticarət və İnkişaf üzrə Konfransında iştirak etmişdir
Əlavə olunub: 2017-11-19

Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Borcun idarə edilməsi üzrə 11-ci toplantısında iştirak etmişdir. Tədbirdə 98 ölkənin Ali Audit Qurumu və digər dövlət qurumlarından 269 nüməyəndə, həmçinin BMT-nin,  Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa İnvestisiya Bankının, ali təhsil müəssisələrinin və özəl təşkilatların nümayəndələri təmsil olunmuşdur.

 

Toplantıda “İnkişafın maliyyələşdiriməsi”, “İnkişaf üçün borc”, “Yoxsulluq üzrə maliyyə siyasəti”, “Dövlətin şərti öhdəlikləri üzrə borc alətləri”, “Maliyyə cavabdehliyi”, “Nə vaxt borc dayanıqlı olur”, “Maliyyə İdarəetmə Sistemi (IFMIS) ilə dövlət borcunun idarəetməsinin inteqrasiyası”, “Borcun qeydiyyatı və əməliyyat riskləri”, “Borcun qeydiyyatı və əməliyyat riskləri: Beynəlxalq təşkilatların dəstəyi” mövzuları üzrə təqdimatlar olmuş və iştirakçıların sualları əsasında müzakirələr aparılmışdır.

 

Bununla yanaşı, bir sıra ölkələrin dövlət borcunun idarəolunması üzrə cavabdeh təşkilatları tərəfindən Borcun idarə edilməsi və maliyyə təhlili sisteminin (DMFAS) istifadə olunması və DMFAS-ın üstünlükləri barədə tədbir iştirakçılarına məlumat verilmişdir.

 

Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi qərara alınmış, həmçinin Borcun idarə edilməsi və maliyyə təhlili sisteminin (DMFAS) digər ölkələr tərəfindən istifadə olunması tövsiyə olunmuşdur.