Tələbələrin təhsil haqqının uçotu müvafiq qaydada aparılmamışdır
Əlavə olunub: 2017-11-02

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Azərbaycan Texniki Universitetinin (Universitet) tələbə qəbulu planı bakalavr təhsil pilləsi üzrə 2015/2016-cı tədris ilində 33 ixtisas üzrə 92,7%, 2016/2017-ci tədris ilində 84,3%, magistratura təhsil səviyyəsi üzrə müvafiq olaraq 47,0% və 54,0%, Universitetin gəlirləri 2015-ci ildə 100,8%, 2016-cı ildə 97,5%, 2017-ci ilin 6 ayı ərzində 54,4% yerinə yetirilmiş, xərclər smetası isə müvafiq olaraq 95,3%, 89,6%, 36,9% icra olunmuşdur.

 

2016/2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 26,7%-nin akademik borcu qalmış, 17,5%-i  imtahan sessiyasını əla, çox yaxşı və yaxşı qiymətlərlə başa vura bilmişdir. Bu göstərici magistratura təhsil səviyyəsi üzrə 9,5% və 43,1%, “SABAH” tədris qrupları üzrə 7,2% və 60,8% olmuşdur.

 

Audit dövrünün əvvəlinə ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqqına görə ödənilməmiş 75,8 min manat və 13,6 min ABŞ dolları borc məbləği, audit dövrünün sonuna isə müvafiq olaraq 363,9 min  manat və  36,8 min ABŞ dolları borc məbləği mühasibat uçotunda  debitor borc kimi əks etdirilməmiş, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı dövlət büdcəsinə qaytarılmamışdır.  

 

Universitet tərəfindən bəzi hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın tələblərinə əməl olunmayaraq elmi dərəcəsi olmayan müəllim və assistentlərə mühazirə saatları verilmiş, şöbə və kafedralarda normadan artıq laborant ştatları saxlanılmışdır.

 

"Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək, bu kateqoriyadan olan və akademik borcu olan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nın tələblərinə əməl edilməyərək Azərbaycan Respublikasının vətəndaşı olmayan tələbələrə təqaüd  ödənilmişdir.