İstifadə edilməyən vəsaitlər üzrə qalıqlar artmışdır
Əlavə olunub: 2017-11-02

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Auditlə əhatə olunan illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (Fond) tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözlənilməyərək əvvəlki illərin icrası, depozit və tapşırıqlar hesabında olan qalıq vəsaitlər nəzərə alınmadan  büdcə vəsaitləri üzrə proqnoz layihələr hazırlanmış və nəticədə ayrılmış vəsaitlər 50-60% səviyyəsində icra edilmiş, istifadə olunmayan vəsaitlər isə depozit və tapşırıqlar hesabına köçürülmüş, nəticədə qalıq məbləğlər ildən-ilə artmışdır.

 

Maliyyə ilinin sonunda Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilməli olduğu halda, qrant müsabiqələrinin qalibi olmuş layihə rəhbərləri tərəfindən təqdim edilmiş hesabatlara əsasən layihə rəhbərlərinə layihə xərcləri üzrə ödənilmiş vəsaitin müxtəlif səbəblərdən xərc edilməmiş 2015-ci ildə 127,6 min manatı və 2016-cı ildə 49,2 min manatı layihə rəhbərləri tərəfindən büdcəyə qaytarılaraq Fondun xərcləri həmin məbləğ qədər artıq göstərilmişdir.

 

Qrant layihələri çərçivəsində qrant vəsaiti hesabına alınmış elmi avadanlıq, cihaz və qurğuların Fondun mülkiyyəti hesab olunmasına və layihənin icrası müddətində layihə rəhbərinin və icraçılarının istifadəsinə verilməsinə baxmayaraq həmin əsas vəsaitlər Fondda uçota alınmadan birbaşa xərcə silinmiş, layihələrin icra müddəti başa çatdıqdan sonra layihə rəhbərlərindən Fonda təhvil alınması və balansa götürülməsi təmin edilməmişdir.

 

Maliyyə hesabatları “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, təsərrüfat əməliyatları üzrə mühasibat müxabirləşmələri qüvvədən düşmüş təlimatın hesablar planı ilə aparılmış, 2016-cı ildə  Fondun büdcədənkənar gəlirləri olmadığı halda düzgün olmayaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda gəlir göstərilmiş, həmçinin xalis aktivlərin cəmi hesabat ilinin əvvəlinə və sonuna qalıqları “Xalis aktivlər/ kapitalda dəyişikliklər haqqında” hesabatda düzgün göstərilməmişdir.