Agentliyin saxlanılması ilə bağlı bəzi xərclərin icrasında normalara tam əməl edilməmişdir
Əlavə olunub: 2017-11-02

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Auditin əhatə etdiyi 2015-2016-cı illərdə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən “Regionların 2014-2018-ci illərdə sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərində nəzərdə tutulmuş tədbirlərin həlli üçün Respublikanın  müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirməklə, ümumilikdə 2015-ci ildə 36335,0 min m2, 2016-cı ildə isə 79101,9 min m2 ərazinin  təmizlənməsi, müvafiq olaraq 24380 ədəd minanın və 38576 ədəd PHS-in aşkar edilərək zərərsizləşdirilməsi, ərazilərin təhlükəsizlik sənədləri ilə təmin olunması işləri həyata keçirilmişdir.

 

ANAMA-nın əsas məqsəd və vəzifələrini yerinə yetirməsi üçün Birləşmiş Millətlər Təşkilatının, ABŞ Dövlət Departamentinin və digər Donorların layihələrə ayırdığı vəsait üzrə ərazilərin manalardan təmizlənməsi işlərinin aparılması məqsədi ilə vəsait ayrılsa da, maliyyələşmədə hökumətlərarası pay nisbətində Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi  artmışdır.

 

Hesabatın müzakirəsi zamanı ANAMA-nın öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının (Komissiya) qərarlarını, Nizamnaməsini, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələrinin tövsiyələrini, beynəlxalq humanitar minalardan təmizləmə standartlarını və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları sənəd toplusunu əsas tutduğu bildirilmiş, ərazilərin minadan təmizləmə əməliyyatlarının aparılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi zamanı müvafiq sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bir sıra nöqsanlara da yol verildiyi diqqətə çatdırılmışdır.

 

Belə ki, Nizamnaməsinin tələblərinə əməl edilməyərək ANAMA-nın strukturu və ştat vahidlərinin sayı, işçilərin tutduğu vəzifəyə uyğun aylıq vəzifə maaşları Komissiya tərəfindən deyil, rəhbərlik tərəfindən müstəqil təsdiq edilmiş, 8 nəfər işçiyə  məzuniyyətdə olduğu və məzuniyyət haqqı ödənildiyi halda həmin dövr üçün tutulmalardan sonra təkrarən əmək haqqı ödənilməsi, “Beynəlxalq və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları”nın tələblərinə əməl edilməyərək əməliyyat işlərində iştirak etməyən şəxslərə yemək xərci verilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı bir sıra hallarda müvafiq normalara riayət edilməməsi  nəticəsində artıq vəsaitin ödənilməsinə, həmçinin müxtəlif markalı nəqliyyat vasitələrinə texniki göstərici əsasında sərf edilən yanacaq normasının düzgün tətbiq edilməməsi səbəbindən artıq yanacaq silinməsinə yol verilmişdr.

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməyərək bir sıra hallarda satınalma metodu tətbiq edilmədən malların (işlərin və xidmətlərin) satınalınması həyata keçirilmiş, malların (işlərin və xidmətlərin) satınalınması ayrı-ayrı müqavilələrə bölünməklə satınalma kotirovka sorğusu üsulu ilə həyata keçirilmiş, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətlərinin formalaşdırılmasının əsasları açıqlanmamışdır.