Hesablama Palatasının nümayəndəsi 5-6 oktyabr 2017-ci il tarixlərində Latviya Respublikasının Riqa şəhərində EUROSAI təşkilatının “Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupun” illik toplantısı və Seminarında iştirak etmişdir
Əlavə olunub: 2017-10-11

Riqa şəhərində EUROSAI təşkilatının “Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupun” illik toplantısı və seminar keçirilmişdir. Tədbirdə EUROSI (Ali Audit Qurumların Avropa Təşkilatı) üzrə olan 30 Ali Audit Qurumundan (AAQ) 64 nümayəndə, o cümlədən Azərbaycan Respublikası Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov iştirak etmişdir.

 

Qeyd etmək lazımdır ki, EUROSAI-ın “Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupu”, EUROSAI-ın İdarə Heyətinin 2016-cı ilin iyun ayında keçirilən toplantısında Litva Ali Audit Qurumunun bələdiyyələrin auditi problemləri ilə maraqlanan ali audit qurumlarının fəaliyyətini əlaqələndirmək barədə təşəbbüsü ilə yaradılmışdır.

 

Seminarın əsas mövzusu Ali Audit Qurumlar tərəfindən bələdiyyələrin auditinin həyata keçirilməsi,  yerli büdcələrin istifadəsinin səmərəli, qənaətlə və effektiv meyarlar vasitəsilə istifadəsinin təmin edilməsi və  bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasında strateji inkişaf planlarının rolundan  ibarət olmuşdur.

 

Seminar zamanı iştirakçı AAQ-ların nümayəndələri tərəfindən bələdiyyələrdə aparılan audit təcrübəsinin yayılması, bələdiyyə auditinin təkmilləşdirilməsi, bələdiyyə auditində tərəflər arasında əməkdaşlıq formaları, bələdiyyələrin büdcələrinin effektiv, qənaətlə və səmərəli meyarlarla istifadəsi habelə bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasında strateji inkişaf planlaşdırılmasının rolu mövzusu üzrə təqdimatlar, fikir mübadiləsi və müzakirələr aparılmışdır. Müzakirələrdə Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi müvafiq mövzular üzrə aparılmış müzakirələrdə yaxından iştirak etmişdir.

 

Seminara kənar təşkilatlardan dəvət olunmuş Latviya Ticarət və Sənaye Palatası, Latviya Dövlət Universiteti, Ətraf mühitin mühafizəsi və regional inkişaf Nazirliyinin nümayəndələri tərəfindən də məruzələr edilmiş, AAQ-lar ilə digər dövlət təşkilatları arasında həyata keçirilən fəaliyyətlər barəsində müzakirələr aparılmışdır.    

 

Tədbir zamanı həmçinin Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupunun illik toplantısı keçirilmiş və Xüsusi Qrupun İş Proqramının (2017-2019-cu illər üzrə) strateji məqsədlər  üzrə icrası barədə Katiblik tərəfindən hesabat təqdim edilmişdir.

 

Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupun növbəti seminarının 2018-ci ilin noyabr ayında Serbiya Ali Audit Qurumunun ev sahibliyi ilə keçirilməsi barədə qərar qəbul olundu.