Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-10-12

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi vəziyyətinə  dair;
  • Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;
  • Dövlət İnvestisiya Proqramının təhlilinə dair.                                         

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram  təsdiq olunmuşdur.

 

Latviya Respublikasının Riqa şəhərində EUROSAI-ın Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupunun ilk seminarında iştirakı barədə Palatanın İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abbasov və INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun Filippin Respublikasının Manila şəhərində keçirilən illik iclasında iştirakı barədə Dövlət investisiyalarının auditi şöbəsinin aparıcı məsləhətçisi Elvin Hacıyev Kollegiyada məruzə etmişlər.