Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-09-13

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:  

 

  • Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;                                        
  • Dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;                      
  • Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə ayrılan vəsaitlərin istifadəsinə dair;
  • Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Mingəçevir Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair.  

 

Kollegiyaya dəvət olunmuş Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktoru Vaqif  Novruzov,  baş mühasibi  Alla Qoryunova,   Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini  Rüfət Abdullayev, baş mühasibi Saira Əmirbəyova və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin maliyyə meneceri Sabir Səfərov  müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını  cavablandırmışlar. 

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram  təsdiq olunmuşdur.