Azərbaycan Respublikası Hesablama Palatasında MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyası keçirilmişdir
Əlavə olunub: 2017-09-06

MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri  Şurasının  Bakı sessiyasında  7  ölkənin Ali Audit Qurumunun 25 nəfərdən ibarət  nümayəndə heyəti  iştirak etmişdir.  Türkiyə Cümhuriyyəti  Hesablama Məhkəməsinin üzvü, Məhkəmə Kollegiyasının sədri Əli Hikmət Tuncər, Türkiyə Cümhuriyyəti  Hesablama Məhkəməsinin baş auditorları Bülənt Gecgel, Zeynal Atlı və Haydar Gezmiş Sessiyaya  qonaq kimi dəvət olunmuşlar.

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  tədbiri açaraq görüş iştirakçılarını və qonaqları salamlamış, Sessiyanın məqsədi, mövzusu barədə məlumat vermiş və ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən   danışmışdır.

 

MDB İcraiyyə Komitəsi tərəfindən  Mamutbekov Jaras Madyarxanulu  tədbir iştirakçılarına müraciət edərək MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının ali audit qurumlarının  fəaliyyətində rolundan,  üzv ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığının nəticələrindən danışmış, Sessiyanın işinə uğurlar arzulamışdır. 

 

İştirakçıların və Sessiyanın gündəliyinin təqdimatından sonra MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII Sessiyasının gündəliyi, keçirilmə qaydası və Şuranın XVII Sessiyasının yekun sənədlərinin hazırlanması üçün işçi qrupun tərkibi  təsdiq edilmişdir.

 

Sessiyanın ilk plenar iclasında MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının XVI və XVII Sessiyaları arasındakı müddətdə fəaliyyəti haqqında Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin sədri L. Anfimovun hesabat məruzəsindən sonra sessiyada MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurası Sədrinin rəmzinin Azərbaycan Respublikası Hesablama Palatasının Sədri V.Gülməmmədova ötürülməsi  mərasimi olmuşdur.

 

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri V.Gülməmmədov Sessiyanın mövzusu üzrə çıxış etmişdir. V.Gülməmmədov bildirmişdir ki,  fəaliyyətin keyfiyyətinin qiymətləndirilməsi müəyyən mənada keyfiyyətə nəzarət mexanizminin tətbiqi kimi qəbul edilməlidir. Hədəflərin müəyyən edilməsində normativ-hüquqi aktların və beynəlxalq standartların tələbləri diqqətdə saxlanılmalı, bununla yanaşı resurs potensialı düzgün qiymətləndirilməlidir. Belə ki, maliyyə və kadr potensialı, texniki imkanlar istəklərimizin hüdudlarını çərçivələndirən əsas amillərdəndir.

 

V.Gülməmmədov Azərbaycan Respublikasının Hesablama Palatasının illik fəaliyyəti ilə bağlı Hesabatında burada qeyd edilən bir sıra göstəricilər, o cümlədən  həyata keçirilmiş auditlərin sayı, əhatə dairəsi, nəticələr üzrə həyata keçirilmiş tədbirlər, xüsusilə bərpa edilmiş vəsaitlərin həcmi barədə məlumat vermiş, bildirmişdir ki, 2015-ci ildən başlayaraq Palatada nöqsanların təsnifləşdirilməsi işinə başlanılıb  və 2016-cı ildə ilkin hazırlanmış nöqsan təsnifatı üzrə nöqsanlar qrupaşdırılıb.

 

Şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı Palatanın fəaliyyətinin təkmilləşdirilməsinə çalışıldığını, Hesablama Palatasının rəsmi internet saytının yeniləndiyini, aparılmış nəzarət tədbirlərinin nəticələri, fəaliyyətin digər istiqamətləri barədə məlumatların mütəmadi olaraq sayta yerləşdirildiyini, qeyd edilənlərin, həmçinin dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı Hesablama Palatasının rəylərinin saytda yerləşdirilməsinin bir sıra hesabatlarda Palatanın və ölkənin mövqeyinin yüksəlməsinə xidmət etdiyini də qeyd etmişdir.

 

Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin sədri L.Anfimov  Sessiyanın gündəliyindəki məsələnin hər bir Ali Audit Qurumu (AAQ) üçün aktual olduğunu, ölkələrimizin sosial-iqtisadi inkişafının, maliyyə sistemlərinin sabitliyinin təmin edilməsinin, büdcənin gəlir hissəsinin artırılmasının, ümumdövlət məsələlərinin həllinin, eləcə də, iqtisadiyyatın dinamik inkişafı və modernizasiyasının, reqabətədavamlılığının, son nəticədə  vətəndaşların rifahının dayanıqlı artımının təmin olunmasının xeyli dərəcədə ali maliyyə nəzarəti orqanının  fəaliyyətinin keyfiyyəti və səmərəliliyindən asılı olduğunu  qeyd etdi.

 

Bu mürəkkəb makroiqtisadi məsələlərin AAQ-ların gündəlik fəaliyyətinin gedişində, qanunvericilik səviyyəsində  təsbit edilmiş səlahiyyətlərin reallaşdırılması yolu ilə  həll olunduğunu, bununla belə, bu fəaliyyətin ekonomik, nəticəli və əməli olmasının prinsipial  dərəcədə mühüm olduğunu bildirən L.Anfimov bu meyarların bütövlükdə maliyyə nəzarətinin səmərəliliyinin qiymətləndirilməsinə, eləcə də, onların beynəlxalq müqayisə üçün istifadə olunmasına imkan verdiyini  vurğuladı.

 

Rusiya Federasiyası Hesablama Palatasının Sədri xanım Tatyana Qolikova milli ali maliyyə nəzarəti orqanının  fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsinin təmin olunması üçün keçirilən dövlət audit  və nəzarətinin vahid qaydalarının tətbiqinin vacib olduğunu,  hazırda mühasibat uçotu və maliyyə hesabatlılığının beynəlxalq standartlarının mövcud olduğunu, bununla belə dövlət auditi və nəzarətin vahid standartlarını reqlamentləşdirən sənədlərin olmadığını bildirdi, identik faktların,  məsələn, büdcə vəsaitlərinin xərclənməsinin həcmi və aşkar olunan nöqsanların pul göstəricisinin qiymətləndirilməsinin uçotda audit və nəzarət orqanları tərəfindən müxtəlif şəkildə əks olunduğunu qeyd etdi.

 

Tatyana Qolikova Sessiya iştirakçılarına Rusiya Federasiyasının  Hesablama Palatasının ölkə Parlamentinə nəzarət orqanının əsas göstəriciləri üzrə kəmiyyət göstəricilərinin də  əks olunduğu  illik hesabat təqdim etdiyini, bu faktın  da ali maliyyə nəzarəti orqanının (AMNO) fəaliyyətinin səmərəlilik göstəricisi kimi qiymətləndirilə biləcəyini vurğuladı.

 

Öz ölkəsinin misalında Hesablama Palatasının ilk növbədə, büdcə sistemi  vəsaitlərinin istifadəsi zamanı  nəzarət və ekspert-analitik tədbirlərin nəticələri üzrə aşkar olunan nöqsanların ümumi məbləğinin artımına, eləcə də,  məqsədsiz və səmərəsiz xərclənmə ehtimalı olan federal və digər resursların həcminin azaldılmasına diqqət yetirdiyini bildirdi, milli ali maliyyə nəzarəti orqanının fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsinin qəbulu və  təsdiqi  halında  onun  razılaşdırılması və  tətbiqi  dövrünün zəruriliyini qeyd edən T.Qolikova əsas məsələnin bu  istiqamətdə  işə başlanılmasının olduğunu, bu günkü toplantının fəaliyyətin keyfiyyətinin qiymətləndirilməsinin qabaqcıl və perspektiv metodikasının təkmilləşdirilməsinə diqqətin artırılmasına, eyni zamanda  təcrübə və yeni ideyalarla bölüşməyə gözəl imkanlar açdığını bildirdi.

 

Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin Sədri  N.Abdibekov  ali maliyyə nəzarəti orqanının fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsinin audit materialları üzrə  cinayət işlərinin sayı ilə deyil, audit orqanının fəaliyyəti sayəsində  vəsaitlərin dövlətin inkişafı və sosial-iqtisadi problemlərin həllinə yönəldilməsinə dəstəklə ölçülməli olduğunu vurğuladı. Büdcə sisteminin hər bir səviyyəsində maliyyə vəsaitlərinin istifadəsində çox ciddi maliyyə intizamının  təmin edilməsinin  audit orqanının fəaliyyətinin  əsas istiqaməti kimi göstərdi, ikinci istiqamətin isə dövlət idarəetməsinin  səmərəliliyinin  yüksəldilməsi olduğunu bildirdi.

 

 Moldova Respublikası Hesablama Palatasının Sədri V.Untila milli ali maliyyə nəzarəti orqanının,   fəaliyyətin keyfiyyətinin qiymətləndirilməsi probleminə  iki tərəfdən – büdcə vəsaitlərinin istifadəsinin səmərəliliyinə dəstək vermək və ali maliyyə nəzarəti orqanının özünün fəaliyyətinin  səmərəliliyinə nail olmaq – yanaşmalı olduğunu bildirdi və Sessiyanın mövzusuna dair öz ölkəsinin  ali audit təşkilatının fəaliyyətindən misallar gətirdi.

 

Qırğızıstan Respublikası Hesablama Palatasının Auditoru Jooşbekov Zairbek Sulaymanoviç öz çıxışında hazırkı dövrdə büdcə vəsaitlərinin idarəolunmasında daha səmərəli yola nail olmanın və deməli, nəzarət –audit orqanları tərəfindən bu idarəetmənin özü üzərində daha səmərəli nəzarətin əsas məsələ kimi qarşıda durduğunu,  ona görə də ölkədə proqressiv  “nəticəli” büdcə modelinə  tərəfdar olduqlarını, bu model  üçün  son nəticəyə hədəflənmənin  xərclərin tam və  kompleks  qiymətləndirilməsinin,  bir xərc vahidinə daha  böyük nəticə əldə etməyin xarakterik olduğunu bildirdi.

 

Tacikistan Respublikası Hesablama Palatasının sədr müavini Azimi Zafar İsmoil sessiyanın mövzusu ətrafında çıxışını öz təşkilatının fəaliyyəti üzərində qurdu,  bu Sessiyada  ölkələrin ali audit qurumları arasında təcrübə və fikir mübadiləsinin  onların fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət etdiyinə əminliyini bildirdi.

 

Standartların hazırlanması üzrə İşçi Qrupunun Fəaliyyəti haqqında Rusiya Federasiyası Hesablama Palatasının İqtisadi analiz departamentinin direktoru, Ekspert qrupunun koordinatoru D.Zayçev məruzə etdi.

 

Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin Sədri N.Abdibekov və  Rusiya Federasiyası Hesablama Palatasının xarici əlaqələr departamentinin diektoru A. Bazin tematik mövzularda çıxış etdilər.

 

MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının XVIII sessiyasının Moskva şəhərində  keçirilməsi ilə bağlı  Rusiya Hesablama Palatasının sədri xanım T. Qolikovanın təklifi müzakirə edilərək qəbul olundu. 

 

Sonra MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının XVII və XVIII sessiyaları arası dövr üçün İş planı təsdiq edilmiş, MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyasının Bəyannaməsinin və digər yekun sənədlərin  rəsmi imzalanma mərasimi olmuşdur.

 

Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının Sədri kimi  yekun çıxışından sonra Sessiyanın işi başa çatmışdır.