MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirilmişdir
Əlavə olunub: 2017-09-11

Azərbaycan Respublikasının Hesablama Palatasında MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının Bakı şəhərində keçirilmiş XVII  sessiyası çərçivəsində Rusiya Federasiyası, Belarus, Qazaxstan və Moldova respublikalarının kənar maliyyə nəzarəti orqanlarının nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatası ilə  Rusiya Federasiyası Hesablama Palatasının nümayəndə heyətləri arasında ikitərəfli görüş   zamanı Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova Rusiya Federasiyası Hesablama Palatasının dövlət  və icmal büdcələrinə rəylərin hazırlanması, büdcədənkənar fondlar üzrə nəzarət tədbirərinin keçirilməsi, informasiya texnologiyalarının tətbiqi ilə nəzarət təbirlərinin keçirilməsi təcrübələri, hər iki qurum  tərəfindən istifadə edilən yeni elektron audit sistemi və sosial sektorda, xüsuilə səhiyyə və təhsil  sahələrində aparılan nəzarət tədbirləri üzrə son nailiyyətlər müzakirə edilmiş, bu istiqamətdə mütəmadi olaraq təlim və seminarların təşkili barədə razılığa gəlmişlər.

 

Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin rəhbəri Leonid Anfimov və nümayəndə heyəti ilə aparılmış müzakirələrdə Azərbaycan və Belarus respublikalarının  ali audit qurumların gələcək ikitərəfli əməkdaşlıq istiqamətləri, o cümlədən büdcədənkənar maliyyə hesabatlarının təhlili, maliyyə auditinin aparılması ilə bağlı təcrübə mübadiləsinin və ikitərəfli təlimlərin təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədov Sessiya çərçivəsində Kazaxstan Respublikasının Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri  Nurmuxammed Abdibekovla görüşmüşdür. V. Gülməmmədov ilk olaraq N. Abdibekovu bu vəzifəyə təyin edilməsi məqsədilə təbrik etmiş, işlərində müvəffəqiyyətlər arzulamışdır. İkitərəfli əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi ilə bağlı aparılmış müzakirələrdə yoxlayıcıların sertifikatlaşdırılmasında Qazaxstan AAQ-nın təcrübəsinin öyrənilməsi, həmçinin səmərəlilik auditinin, büdcədənkənar fondların büdcələrinin auditinin keçirilməsi üzrə təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlərin mütəmadi olaraq təşkili qərara alınmışdır.

 

Moldova Respublikası Hesablama Palatasının sədri Vyaçeslav Untila ilə aparılmış müzakirədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov onu bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik etmiş və işlərində uğurlar diləmişdir. Hər iki qurumun rəhbərləri dövlət büdcəsindən vəsaitlərin istifadəsi ilə bağlı təqdim edilən maliyyə hesabatlarının təhlili, dövlət büdcəsinin icrası ilə bağlı hazırlanan rəylərin daha da təkmilləşdirilməsi istiqamətində ikitərəfli görüş və təlimlərin keçirlməsi istiqamətində razılığa gəlmişlər.

 

MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurası 2000-ci ilin noyabr ayında Rusiya Federasiyası Hesablama Palatasının təşəbbüsü ilə Moskva şəhərində keçirilmiş görüşdə yaradılmışdır. MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri  Şurasına   9  ölkənin Ali Audit Qurumu (AAQ) daxildir. Şuranın yaradılması MDB üzvü olan  dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının öz ölkələrinin sosial-iqtisadi inkişafına dəstək göstərmək və qarşılıqlı iqtisadi əməkdaşlığı daha da gücləndirmək, MDB iştirakçısı olan ölkələrin AAQ-larının fəaliyyətinin koordinasiyası və səmərəli mübadiləsi məqsədini daşıyır. Şura daxilində əməkdaşlığın prioritet istiqaməti kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik sualların müzakirəsi, bilik, təcrübə və məlumat mübadiləsi, birgə və paralel, ikitərəfli və çoxtərəfli nəzarət-analitik tədbirlərin keçirilməsi, o cümlədən Şuraya üzv AAQ-ların əməkdaşlarının peşəkar təlimi və ixtisasının artırılması  məsələləridir.

 

Azərbaycan Respublikası Hesablama Palatası   2002-ci ildən Şura ilə əməkdaşlıq edir və hazırda Şuranın Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupu və Standartların hazırlanması üzrə İşçi Qrupunda təmsil olunur.

 

 

MDB iştirakçısı olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının Bakıda keçirilmiş XVII sessiyası Ali Audit Qurumlarının fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi məsələlərinə həsr edilmişdir.