Hesablama Palatasının nümayəndəsi Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş tədbirdə iştirak etmişdir
Əlavə olunub: 2017-07-31

Azərbaycan Respublikası Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Heydər oğlu Abasov Moskva şəhərində Rusiya Hesablama Palatasının ev sahibliyi ilə Xəzərin ətraf mühitinin müdafiəsi və su bioresurslarının qorunması sahəsində çoxtərəfli auditinin keçirilməsinə hazırlıqla bağlı keçirilmiş tədbirdə iştirak etmişdir. Tədbirə Xəzəryanı dövlətlərin Ali Audit Qurumlarından Azərbaycan Respublikası və Rusiya Federasiyası Hesablama Palatalarının, İran İslam Respublikasının Hesablama Məhkəməsinin, həmiçinin İran İslam Respublikasının Rusiyadakı səfirliyinin nümayəndələri qatılmışdır.

 

Müzakirə zamanı bildirilmişdir ki, 2006-cı il 12 avqust tarixində  qüvvəyə minmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası bütün Xəzəryanı ölkələrdə regional əməkdaşlıq üçün bir çərçivə rolunu oynayır. Konvensiya ilə əlavə fəaliyyət mexanizmi kimi müvafiq köməkçi sənədlərin, o cümlədən prioritet sahələr üzrə protokolların hazırlanması nəzərdə tutulmuşdur.

 

“Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Saziş Azərbaycan Respublikasının 16 dekabr 2014-cü il tarixli 1124-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. 2016-cı il 21-23 iyun tarixində keçirilmiş Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 36-cı sessiyasında Sazişin depozitarisi olan Rusiya Federasiyasının təqdim etdiyi bildirişə əsasən həmin Saziş bütün Xəzəryanı ölkələrin Parlamentləri tərəfindən ratifikasiya olunaraq 24 may 2016-cı il tarixindən qüvvəyə minmişdir.

 

Dəyirmi stol iştirakçıları “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Sazişin bütün Xəzəryanı dövlətlər üçün strateji vacibliyini vurğulayaraq Xəzər dənizinin su bioloji resurslarının qorunması üzrə keçiriləcək auditin mövzusunun aktual olduğunu qeyd etmişlər. Eyni zamanda auditin aparılmasında bütün Xəzəryanı dövlətlərin iştirakının vacibliyini nəzərə alaraq Qazaxıstan və Türkmənistanın Ali Audit Qurumlarının da bu prosesə cəlb edilməsi məqsədəuyğun hesab edilmişdir.

 

Səfər çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası Hesablama Palatası nümayəndələrinin ikitərəfli görüşündə Ali Audit Qurumları arasında əməkdaşlığın genişləndirilməsinə dair bəzi məsələlər də müzakirə edilmişdir.