Hesablama Palatasının üzvü beynəlxalq konfransda iştirak etmişdir
Əlavə olunub: 2017-06-29

Hesablama Palatasının üzvü, auditor Firsənd Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmiş elmi konfransda iştirak edərək elmin maliyyələşdirilməsi ilə bağlı məsələlər üzrə məruzə etmişdir.

F. Qurbanov respublikamızda elm müəssisələrində elmi tədqiqat işlərinin müasir standartlar səviyyəsində aparılması, ölkənin elmi kadr potensialının, eləcə də onun sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası, elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmi-tədqiqat qurumlarının maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması və s. kimi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Həmçinin dövlətimiz hər ilin dövlət büdcəsi xərclərində sosialyönümlü xərclərin strukturunda elmin maliyyələşdirilməsinə xüsusi önəm verildiyi, elm sahələrinin, o cümlədən, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasına və onların nəticələrinin təcrübədə tətbiqinə, müsabiqə əsasında elmi layihələrin maliyyələşdirilməsinə, elmi-tədqiqat institutlarının müasir laboratoriya avadanlıqları ilə təchiz edilməsinə əlverişli şərait yaratmaqla ölkəmizdə elmi potensialın inkişafına təkan verdiyini vurğulamışdır.

 

Hesablama Palatası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elm müəssisələrində aparılmış audit tədbirlərinin nəticələrinə əsaslanaraq  F. Qurbanov bir çox hallarda elm müəssisələrində elmi-tədqiqat xidmətləri haqqının ödənilməsi  üzrə vəsaitin az proqnozlaşdırıldığını, həmin vəsaitlərin “Sair xərclər” paraqrafında nəzərdə tutulduğunu qeyd etmiş, bildirmişdir ki, bu, icra prosesində proqnozlaşdırılmış vəsaitin elmi proqramlardan kənar xərclərin maliyyələşdirilməsinə yönəldilməsinə şərait yaradır.

 

Sonda Hesablama Palatasının Auditoru nümunə olaraq bir neçə ölkənin təcrübəsi ilə məlumatları konfrans iştirakçıları ilə bölüşərək bu sahədə təkliflərini diqqətə çatdırmışdır.