Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi 24-cü BMT-INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) Simpoziumunda iştirak etmişdir
Əlavə olunub: 2017-06-13

Azərbaycan Respublikası Hesablama Palatasının Beynəlxalq əməkdaşlıq  və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynov 2017-ci ilin 31 may – 2 iyun tarixlərində ənənəvi olaraq Avstriyanın Vyana şəhərində keçirilən 24-cü BMT-INTOSAI Simpoziumunda iştirak etmişdir. Avstriya Ali Audit Qurumunun təşkilatçılığı ilə keçirilmiş Simpoziumda INTOSAI-a üzv olan AAQ-lar ilə yanaşı BMT sisteminə aid OIOS (Daxili Nəzarət Xidmətləri İdarəsi) və UNDESA (Birləşmiş Millətlərin İqtisadi və Sosial Məsələlər Departamenti) təşkilatları təmsil olunmuş, tədbirə 150-yə yaxın iştirakçı qatılmışdır.

 

24-cü birgə Simpoziumda iki əsas mövzu müzakirə edilmişdir: “Rəqəmsallaşma, “Açıq məlumat” və məlumatların təhlili – AAQ-ların audit fəaliyyətinə uyğunluq və təsir” və “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında AAQ-ların töhfəsi”.

 

Tədbirdə adları çəkilən əsas mövzular daxilində aşağıdakı təqdimatlar dinlənilmişdir:

  • Açıq dövlət məlumatlarının auditi zamanı AAQ-lardan gözləntilər;
  • INTOSAI-ın yeni işçi qrupu olan “Big data” (Böyük həcmli məlumat massivləri) üzrə İşçi Qrupun mandatı və məqsədləri;
  • Rəqəmsal inqilab – AAQ-lar üçün imkanlar və gözlənilən çətinliklər;
  • Məlumat təhlili dələduzluğun araşdırılmasında alət kimi;
  • Rəqəmsal məhkəmə araşdırmaları və korrupsiya;
  • Mətnlərin təhlili və məlumatlardan istifadə etməklə Dövlət auditində yeniliklərin yaradılması;
  • Rəqəmsal inzibati mühitdə kənar maliyyə auditi;
  • Səmərəlilik və maliyyə auditlərində məlumat təhlilinin tətbiqi və digərləri.

 

Simpoziumda həmçinin Rusiya Federasiyası Hesablama Palatası tərəfindən hazırlanmış və kənardan (məsafədən) audit fəaliyyətini aparılmasına imkan verən elektron sistemin təqdimatı xüsusi marağa səbəb olmuşdur. Qeyd edilən sistemə 30-dan artıq dövlət təşkilatının, 130-dan artıq informasiya sistemi inteqrasiya edilmişdir. Bu sistem köməyilə 2016-cı il ərzində 3200-dən artıq obyekt audit olunmuş, 4000-ə yaxın maliyyə pozunntusu aşkar edilmişdir ki, onlardan 600 pozuntu sırf sistem tərəfindən avtomatik müəyyən edilmiş pozuntudur. Müəyyən edilmiş maliyyə pozuntularının ümumi məbləği 900 mlrd. rubldan çox olmuşdur.

 

Yekun olaraq simpozium iştirakçıları “Nəticələr və tövsiyələr” sənədini qəbul etmişdir.