Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2017-06-06

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında   həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:

 

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  Quba rayon şöbəsinə  dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair;

 

- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair.

 

Kollegiyaya dəvət olunmuş  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun  Quba rayon şöbəsinin müdiri Sabir Hacıyev, Şöbənin Sosial sığorta sektorunun müdiri  Həsrət Seyidov   və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Nəcməddin Orucov,  Nazirliyin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov,  Maliyyə və təsərrüfat şöbəsinin müdir əvəzi Nəsib Orucov müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını  cavablandırmışlar.  

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

 

Kollegiyada  Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar  təsdiq olunmuşdur.

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin EUROSAI-ın X Konqresində iştirakı barədə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Hilal Hüseynov və  Beynəlxalq Valyuta Fondunun təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Təbii resurslarla zəngin ölkələrdə makroiqtisadi idarəetmə” mövzusunda keçirilən təlimdə iştirakı barədə  Palatanın   sektor müdiri Sənay Paşayev Kollegiyada məruzə etmişlər.