Hesablama Palatasının sədri V. Gülməmmədovun 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı Azərbyacan Respublikası Milli Məclisinin plenar iclasında çıxışı
Əlavə olunub: 2017-05-31

Hörmətli Sədr! Hörmətli millət vəkilləri! Hörmətli hökumət üzvləri!

 

Xanımlar və cənablar!

 

2016-cı ildə dünya iqtisadiyyatında istehlakın və tələbatın qlobal miqyasda kəskin enməsi, OPEK-ə üzv olan və digər neft ixracatçıları arasında son 8 ildə ilk dəfə hasilatı azaltmaqla bağlı qərarın qəbul edilməsi, bir sıra ölkələrdə fiskal siyasətin milli iqtisadiyyatın stimullaşdırmasına hədəflənməsi, bəzi  aparıcı ölkələrin mərkəzi bankları tərəfindən yumşaq monetar siyasətin davam etdirilməsi kimi meyllər müşahidə olunmuşdur.

 

Respublikamızda isə Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmış, hesabat ili dərin iqtisadi islahatlar ili kimi tarixdə qalmış, həmin il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirməsinə səbəb olmaqla iqtisadi sistemin gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf üçün imkanlar yaradılmışdır.

 

2016-cı ildə fiskal və monetar siyasətin qarşılıqlı şəkildə uyğunluğunun təmin edilməsi, milli valyutanın üzən məzənnə rejiminin tələbləri çərçivəsində tənzimlənməsi, pul siyasəti alətlərindən çevik istifadə, fiskal intizamın gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, vergi inzibatçılığının və maliyyə sistemində institusional bazasının gücləndirilməsi üzrə mühüm addımlar atılmışdır.

 

2016-cı ilin dövlət büdcəsi qlobal iqtisadi katoklizmlər fonunda və riskli fiskal təzyiqlər altında formalaşdırılmışdır. Bununla belə, qeyri-neft prioritetlərinin reallaşdırılması məqsədini daşıyan bu büdcə ölkə rəhbərliyinin həyata keçirdiyi strateji tədbirlərin nəticəsi olaraq həmin hədəflərin reallaşdırılmasına xidmət etmişdir.

 

Hörmətli millət vəkilləri!

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata rəyi müəyyən olunmuş qaydada tərtib edərək sizlərə təqdim olunmuşdur. Rəyin məzmun və strukturunun təkmilləşdiirlməsi ilə bağlı bir sıra addımlar atılmış, tərəfimizdən təhlillərin əhatəliliyinin və məlumatlılıq səviyyəsinin yüksəldilməsinə çalışılmışdır. Hesabat ili üzrə büdcə vəsaitlərinin istifadəçiləri olan 117 qurumdan hesabatlar alınmış, ümumilikdə 10,5 mlrd. manat məbləğində vəsaitin icra vəziyyəti təhlil edilmişdir.  Həmin təhlillərin Rəydə geniş əks etdirildiyini və məndən öncə çıxış edən hörmətli millət vəkili Ziyad Səmədzadə tərəfindən büdcənin icrası və makroiqtisadi şəraitlə bağlı geniş məlumatların təqdim edildiyini nəzərə alaraq əsas meylləri, həmçinin Hesablama Palatasının bir sıra nəticə və tövsiyələrini sizlərin diqqətinə çatdırmaq istərdim.

 

İlk olaraq bildiririk ki, dövlət büdcəsinin icrası üzrə hesabat, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində müəyyən olunmuş müddətdə Hesablama Palatasında təqdim edilmiş, hesabat və Qanun layihəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və tələblər gözlənilməklə tərtib olunmuşdur.

 

Dövlət büdcəsinin gəlirləri ilə bağlı:

 

Hesabat ilində müşahidə olunan qlobal və regional iqtisaid böhranlara baxmayaraq həyata keçirilmiş sistemli tədbirlərin nəticəsi kimi 2016-cı ildə dövlət büdcəsi gəlirləri 2015-ci illə müqayisədə isə artımla və  104,1% səviyyəsində icra edilmişdir. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri  ən yüksək göstəricidir. Büdcənin əsas gəlir mənbələrinin yığılmasını təmin edən qurumlar, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş proqnoz göstəricilər tam əməl olunmuşdur.

 

Büdcə daxilolmalarının büdcə gəlirlərində xüsusi çəkisinə gəldikdə ən böyük xüsusi çəki 2015-ci ildə olduğu kimi hesabat ilində də Azərbaycan Respublikası Dövlət Neft Fondundan daxilolmalar üzrə 43,5%, ƏDV üzrə 20,7%, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 11,3% və fiziki şəxslərin gəlir vergisi üzrə  6,5% təşkil etmişdir.

 

Hesabat ilinin ayları üzrə büdcə gəlirlərinin icra göstəricisi müxtəlif olmuş və bu, əsasən Dövlət Neft Fondundan transfertin aylar üzrə icrasının proqnozlaşdırıldığından fərqlənməsi ilə əlaqədar olmuşdur.

 

Hesabat ilində dövlət büdcəsinin gəlir mənbələləri üzrə müəyyən edilmiş proqnozlar yalnız 6 mənbə üzrə kəsirlə icra edilmiş, digər mənbələr üzrə icra səviyyəsi isə 100% və daha çox olmuşdur.

 

Diqqətə çatdırım ki, büdcə-vergi siyasəti çərçivəsində hesabat ili üçün müəyyən edilmiş hədəflər əsasən yerinə yetirmişdir. Gəlirləri əhatə edən 11 prioritet istiqamətlərdən bəziləri üzrə isə hədəflərə tam nail olunmamışdır. Belə ki,  nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdən həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması üzrə müəyyən edilmiş proqnoz 8,6 dəfə,  dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 3,2 dəfə az olmaqla yerinə yetirilmiş, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının 2015-ci illə müqayisədə artırılması təmin edilməmişdir.

 

Hesabat ilində bəzi mədaxil mənbələri üzrə proqnoz göstəricilərinin dəfələrlə çox, bəziləri üzrə isə nəzərəçarpacaq dərəcədə az icra edildiyini, proqnozlaşdırlmayan bəzi mənbələr üzrə isə vəsaitlərin daxil olduğunu, bir sıra mənbələr üzrə icra səviyyəsinin makroiqtisadi meyllərlə uzlaşmadığını nəzərə alaraq Hesablama Palatası dövlət büdcəsi gəlirlərinin potensial bazasının genişləndirilməsini, bu məqsədlə də normativ-hüquqi bazasının gücləndirilməsini, hesabatlılıq və inzibatçılığının artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təqdim etdiyi Rəydə məqsədəmüvafiq hesab etmişdir.

 

Hesab edirik ki,  hər il üçün müəyyən edilmiş büdcə-vergi siyasəti çərçivəsində dövlət büdcəsinin daxilolmaları ilə bağlı müəyyən edilmiş tədbirlərin tam həyata keçirilməsi gəlirlərin mövcud potensialının  reallaşdırılmasına xidmət edər və bu tədbirlərlə yanaşı büdcə gəlirlərinin daxilolma əmsalının yüksəldilməsi məqsədilə institusional və hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən islahat mühitinə tam adekvat şəkildə qabaqcadan adaptasiyasını təmin edilməsi üçün Vahid Büdcə Təsnifatının təsnifat kodlarının genişləndirilməsi son nəticədə idarəetmə qərarlarının optimallaşdırılmasına,  hesabatlılıq və şəffaflığın yüksəldilməsinə əlavə töhvə verəcəkdir.

 

Qeyd edim ki, hesabat ilində mərkəzləşdirilmiş gəlirlər 104,2%, yerli gəlirlər isə 101,4% səviyyəsində icra olunmuşdur. Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən fərqli olaraq yerli gəlirlərin həcmi əvvəlki illərlə müqayisədə azalmışdır.

 

Regional iqtisadi aktivliyi stimullaşdıran şəraitin, o cümlədən investisiya qoyuluşlarının əvvəlki illərlə müqayisədə hesabat ilində nisbətən səngiməsinə və yerli gəlirlərin makro səviyyədə azalmasına baxmayaraq on bir region üzrə yerli gəlirlərin həcmində əvvəlki iki illə müqayisədə artımlar müşahidə olunmuşdur.

 

2016-cı ildə dövlət büdcəsinin xərcləri proqnoza qarşı 96,0% icra edilmişdir və xərclərin aylar üzrə proqnoz və icra göstəricilərinin təhlili göstərir ki, hesabat ilində əksər aylarda proqnoza riayət olunmuşdur.

 

Son dövrlərdə ilk dəfə olaraq icra edilmiş dövlət büdcəsində “Ümumi dövlət xidmətləri” bölməsi xüsusi çəkisinə görə ən böyük paya malik olmuşdur. Büdcə xərclərində ənənəvi olaraq yüksək çəkiyə malik “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin xüsusi çəkisi isə 2015-ci illə müqayisədə 12,9 faiz bəndi azalmış, hesabat ilində xərclərin icra edilməmiş məbləğinin təqribən yarısı məhz elə bu bölmənin payına düşmüşdür.

 

Hörmətli millət vəkilləri!

 

Hesabat ilində dövlət büdcəsi xərclərinin icra vəziyyətinə biz sıra amillər təsir göstərmişdir. Bu amillər arasında ən mühümü 2016-cı ildə funksional təsnifatın Qanunla təsdiq edilmiş bölmə və köməkçi bölmə səviyyəsində dəyişikliklərin aparılmasıdır. Həmin dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra sərəncamlarının icrası olaraq həyata keçirilmişdir. Ümumilikdə qeyd edim ki, hesabat ilində 4 bölmədə köməkçi bölmə səviyyəsində dəyişikliklər aparılsa da, funksional bölmə üzrə cəmi vəsaitin məbləği dəyişməz qalmış, 9 bölmə üzrə vəsaitin məbləği azaldıraraq 1 bölmə üzrə dövlət büdcəsinin ehtiyat fondu ilə bağlı vəsaitin məbləği artırılmışdır.

 

Hesabat ilində büdcə xərclərinin digər bölmələrindən azaldılmış vəsaitin müəyyən bir hisssəsi isə Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu vasitəsi ilə icra edilmişdir.

 

2016-cı il dövlət büdcəsi xərclərinin 65,9%-i cari  xərclərə yönəldilmişdir. Son 4 ildə əsaslı xərclərin həcmi əhəmiyyətli şəkildə azalmış, manatın məzənnəsinin dəyilşməsi nəticəsində dövlət borcuna xidmətlə bağlı xərclər nəzərəçarpacaq dərəcədə artmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən cari xərclərin  qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılması ilə bağlı mühüm tapşırıq verilmişdir. Həmin tapşırığın icrası üçün həmin mənbələr üzrə gəlirlərin artırılması və cari xərclərin optimallaşdırılması istiqamətində daha təsirli addımların atılması ilə yanaşı, fikrimizcə, cari xərclərinin hesablanma bazası və metodologiyasına da yenidən baxmalıyıq.

 

Eyni zamanda, büdcə xərclərinin şəffaflaşıdırılması, hesabatlılığın gücləndirilməsi məqsədilə xərclərin strukturunun təkmilləşdirilməsi, vəsaitlərin daha detallı olmaqla planlaşdırılması və icra edilməsi, ehtiyat fondların və investisiya xərcləri hesabına maliyyələşdirilən layihələrin icrasına vaxtında başlanılması və növbəti illərə saxlanılmaması, birdəfəlik təyinatlı-blok xərclərin icrası ilə əlaqədar yaranan çətinlikləri nəzərə almaqla  planlaşdırılma işlərinə yeni yanaşmanın tətbiqi, büdcə vəsaitlərinin proqnozlaşdırlması zamanı debitor borcların diqqətdə saxlanılaraq nəzərə alınması istiqamətində tədbirlərin gücləndirilməsini tövsiyə edirik.

 

İcazənizlə dövlət borcu ilə bağlı bəzi məqamları da diqqətinizə çatdırım. Qeyd edim ki, xarici dövlət borcu ilə bağlı qəbul edilmiş limitlərə riayət edilmişdir.

 

Valyuta məzənnələrinin və faiz dərəcələrinin dəyişdiyi bir şəraitdə bazar qiymətlərinin mütəmadi tərəddüdü borc xidməti xərclərinin də dəyişməsinə səbəb olur. Bu baxımdan  dövlət borcunun  əsas hissəsinin xarici borc olduğu nəzərə alınmaqla borc portfelində valyuta riskləri və dəyişən faiz dərəcələri üzrə borc yükünün dövrü olaraq təhlil edilməsi və müvafiq qərarların qəbul edilməsi zəruridir.

 

Borcla bağlı diqqət yetirməli əsas məqamlardan biri şərti öhdəliklərlə bağlıdır. Belə ki, dövlət zəmanətlərinin reyestrində olan borc öhdəliklərinin bir hissəsinin nə şərti öhdəliklər kimi, nə də ayrı sətirlə qeyd edilmədiyini və bu halın xarici dövlət borcu üzrə daha çox müşahidə olunduğunu nəzərə alaraq şərti öhdəliklərin və onların təsnifləşdirilməsi haqqında məlumatların qanunvericilikdə əks etdirilməsi dövlət borcunun məbləğinin müvafiq sərhəddə saxlanılmasını təmin etmək baxımından mühüm şərtdir.

 

Hesabat ilində dövlət borcu üzrə müşahidə olunan əsas məqam daxili dövlət borcunun azalmasıdır. 2016-cı ildə Dövlət zəmanəti ilə alınmış borcların Təminat Fondunun vəsaitləri hesabına dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərin və müəssisələrin dövlət zəmanəti ilə Mərkəzi Bankdan cəlb etdikləri kreditlərin bağlanması nəticəsində daxili dövlət borcu sayılan şərti öhdəliklər hesabat ili ərzində 73,5% azalaraq 1,2 mlrd. manat təşkil etmişdir.

 

2016-cı ildə büdcə kəsiri 254,6 mln.manat məbləğində olmuşdur. Büdcə kəsirinin proqnozlaşdırıldığından dəfələrlə az olması əsasən aparılmış konsolidasiya tədbirlərinin nəticəsidir.  Kəsirin maliyyələşmə mənbələri arasında daxili və xarici boclanmadan daxilolmalar nəzərdə tutulduğundan 14,6% çox,  özəlləşdirmədən daxilolmalar isə proqnoz məbləğlə müqayisədə 3,2 dəfə az icra olunmuşdur. Dövlət büdcəsinin vahid xəzinə hesabının qalığının məbləği hesabat ilində 873,3 mln. manat və ya 60,9% artaraq 2017-ci il 01 yanvar tarixə 2,3 mlrd. manat təşkil etmişdir və bu məbləğ 2016-cı ilin dövlət büdcəsi gəlirlərinin 13,2%-ni təşkil edir.

 

Hörmətli Sədr! Hörmətli millət vəkilləri!

 

Hesablama Palatasının sizlərə təqdim edilmiş rəyində ətraflı təhlillərin, nəticə və tövsiylərin əks olunduğunu, Hesablama Palatası Kollegiyası tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabat müsbət rəy verildiyini nəzərə almağınızı xahiş edirəm.

 

Diqqətinizə görə təşəkkür edirəm!