Hesablama Palatasının nümayəndə heyəti EUROSAI-ın X Konqresində iştirak etmişdir
Əlavə olunub: 2017-05-24

 Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti 2017-ci ilin 22-24 may tarixlərində Avropa ölkələrinin Ali Audit Qurumlarının beynəlxalq təşkilatı olan EUROSAI-ın Türkiyənin İstanbul şəhərində keçirilmiş X Konqresində iştirak etmişdir.

 

Konqres EUROSAI-ın ali orqanıdır və təşkilatın Nizamnaməsinə əsasən bu quruma üzv AAQ-ların rəhbərləri və ya müvafiq səlahiyyətli nümayəndələri ilə təmsil olunmaqla EUROSAI-ın bütün üzvlərinin iştirakı ilə üç ildən bir keçirilir.

 

İstanbul şəhərində keçirilən X Konqresdə 51 ölkəni təmsil edən nümayəndələr, o cümlədən 19 ölkə AAQ-nın birinci şəxsləri, INTOSAI-ın və onun regional qurumlarının nümayəndələri iştirak etmişlər. Konqresin əsas mövzusu  “Ali Audit Qurumlarının stadartlarının tətbiqi: Çətinliklər və təkmilləşmə üçün yollar” kimi müəyyən edilmişdir.

 

Konqresə ev sahibliyi edən təşkilat növbəti üç il ərzində EUROSAI təşkilatına sədrliyi funksiyasını yerinə yetirəcəkdir. Türkiyə Hesablama Məhkəməsinin - Sayiştayın EUROSAI-ın yeni sədri olaraq səlahiyyətləri qəbul etməsinin ardından Konqresin açılış mərasimi keçirilmiş və ilk iş günündə plenar sessiyadan sonra Azərbaycan nümayəndə heyəti bir sıra işçi toplantıya cəlb olunmuşdur.

 

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti səmərəlilik auditi,  ətraf mühitin auditi, informasiya texnologiyalarının auditi, birgə auditlərlə bağlı qabaqcıl təcrübələr və digər qurumlarla əməkdaşlıq, o cümlədən beynəlxalq standartların dövlət auditi qurumlarında istifadəsi, Dayanıqlı İnkişaf Məqsədlərinin nail olunmasında Ali Audit qurumlarının rolu kimi məsələləri əhatə edən işçi toplantılarda müzakirələr aparmışdır.

 

Yekun olaraq Konqres EUROSAI-ın müxtəlif İşçi Qruplarının hesabatlarını, EUROSAI Katibliyinin hesabatını, təşkilatın yeni büdcəsini, EUROSAI-ın 2017-2023-cü illər üzrə Strateji Planını, həmçinin Nəticələr və tövsiyələr sənədini qəbul etmişdir.

 

Konqresin sonuncu günü səsvermə keçirilmiş və növbəti, XI Konqresin Çex Respublikasında keçirilməsi qərara alınmışıdır.