Hesablama Palatasının sədri V. Gülməmmədovun Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti ilə bağlı Hesabat üzrə çıxışı
Əlavə olunub: 2017-04-17

 

Hörmətli cənab Sədr! Hörmətli millət vəkilləri! Hörmətli media nümayəndələri!

 

2016-cı il Hesablama Palatasının fəaliyyət tarixində əlamətdar illərdən olmuş,  hesabat ilində ölkənin kənar dövlət maliyyə nəzarəti orqanının yaranmasının 15 illiyi qeyd edilmişdir. Ölkə rəhbəri Möhtərəm cənab İlham Əliyev tərəfindən maliyyə nəzarəti və şəffaflığın gücləndirilməsi ilə bağlı qoyulmuş tələblər, mövcud qanunvericilik aktlarına cənab Prezidentin təşəbbüsü ilə edilmiş dəyişiklik və əlavələr Hesablama Palatasının institusional möhkəmlənməsi istiqamətində mühüm addımlardan olmuşdur.

 

2016-cı ildə fəaliyyətlə bağlı Hesabatı sizə təqdim etməklə diqqətinizi bir neçə istiqamətə yönəltmək istərdim. İlk olaraq qeyd edim ki, mövcud normativ-hüquqi aktlara uyğun hazırlanmış bu Hesabat əvvəlki Hesabatlarla müqayisədə məzmunca bir sıra fərqli məqamlara malikdir.

 

Ali Audit Orqanının əsas məqsədi ölkənin maliyyə inzibatçılığı sahəsində vacib və böyük təsirə malik olan problemlərin müəyyən edilməsi və bu sahədə nöqsanların qarşısının alınması, həmçinin şəffaflığın və hesabatlılığın gücləndirilməsi tədbirlərinə dəstək olmaqdır. Bu məqsəddən çıxış edərək Hesablama Palatası son bir neçə ildə xarakterik nöqsanlar üzrə məlumatları əvvəlki illərdə Sizlərə təqdim etdiyimiz Hesabatlarda əks etdirmişdir.

 

2016-cı ildən başlayaraq isə müəyyən edilmiş nöqsanların və pozuntuların təsnifləşdirilməsi işlərinə başlanmış, bu məqsədlə beynəlxalq təcrübə öyrənilmiş, xüsusilə analoji maliyyə inzibatçılığı sisteminə malik olan qonşu dövlətlərin təcrübəsinə diqqət yetirilmişdir. Nəticədə ayrı-ayrı qurumlar üzrə müəyyən edilmiş maliyyə pozuntularına vahid yanaşma tətbiq edilməklə sistemləşdirilmiş və təhlil olunmuşdur. Hesabatda nöqsanların təsnifatına əsaslanılmaqla nəzarət tədbiri keçirilmiş hər bir qurum üzrə müəyyən edilmiş nöqsanların sayı və ümumi məbləğdə xüsusi çəkisi barədə məlumat verilmişdir.

 

Qeyd edim ki, sistemli yanaşma nəzarət fəaliyyətinin nəticələri əsasında həyata keçirilmiş tədbirlər barədə məlumatlara da tətbiq edilmişdir. Belə yanaşma informasiyanın qəbul edilməsini asanlaşdırmaqla yanaşı, fikrimizcə, müəyyən olunmuş nöqsanlar və həyata keçirilmiş tədbirlər üzrə məlumatların uyğunluğunu təmin edir.

 

Hörmətli millət vəkilləri!

 

Hesabat ilində fəaliyyətimizi xarakterizə edən bəzi ümumi məlumatları diqqətinizə çatdırmaq istərdim.

 

İlk olaraq keçirilmiş nəzarət tədbirlərinin sayı və əhatə dairəsi barədə.

 

2016-cı ilin İş planına uyğun olaraq hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si təhlil işi olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u təhlil olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilmişdir.

 

Dövlət büdcəsinin gəlirlərini əhatə edən tədirlərin sayı 8 olmuş, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə  2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 audit keçirilmişdir. Hesabat ilində 2 (iki)  analitik təhlil növbəti ilə keçirilmiş, 2 nəzarət tədbirinin nəticələrinə məxfi qaydada baxılmış və 1 (bir) auditin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin tədbirlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı Hesabata daxil ediləcəkdir.  Ümumilikdə 2016-cı ildə auditlə əhatə edilmiş qurumların sayı 155 olmuşdur.

 

Eyni zamanda, bildirmək istərdim ki, 2016-cı ilin İş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8% (82 və 74) az olmuşdur. Bununla belə, auditlərlə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 34,2% çox olmaqla ümumilikdə əhatə dairəsi hesabat ilində 5,6 mlrd. manat təşkil etmişdir.

 

2016-cı ildə əhatə edilmiş vəsaitin 85,5%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 14,5%-i isə büdcənin yerli xərcləri üzrə olmuş, auditin 32-si Bakı şəhərində, 30-u respublikanın ayrı-ayrı şəhər və rayonlarında, 3-ü isə xarici ölkədə yerləşən diplomatik korpusda audit tədbiri aparılmışdır.

 

Fəaliyyətimizin nəticəsini xarakterizə edən bir sıra kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumat vermək istərdim.

 

Yuxarıda qeyd edildiyi kimi, hesabat ilində müəyyən edilmiş nöqsanlar  və pozuntular vahid yanaşma tətbiq olunmaqla təsnifləşdirilmişdir. Ümumilikdə 8 istiqamət üzrə 825 halda nöqsan müəyyən edilmişdir. Yol verilmiş nöqsan və pozuntuların ümumi məbləğinin  21,0%-i büdcə qanunvericiliyinin pozulması halları, 25,8%-i əsaslı  xərclər üzrə, 20,2%-i mühasibat uçotu və hesabatlılıq ilə bağlı, 12,7%-i dövlət borcu üzrə, 12,5%-i vergi qanunvericiliyinin pozulması, 7,7%-i dövlət satınalmaları ilə bağlı olmuş və 0,1%-ni digər sahələr təşkil etmişdir.

 

Aparılmış təhlillər və müşahidələr göstərir ki, həm say, həm də məbləğdə xüsusi çəkisinə görə əsaslı təmir-tikinti işlərinin yerinə yetirilməsində, mühasibat uçotunun təşkili və hesabatlılığın təmin edilməsində, büdcə qanunvericiliyinin tələblərinə riayət olunmasında və satınalmaların keçirilməsində yol verilmiş nöqsanlar xüsusilə seçilir.

 

Sizlərə təqdim edilmiş Hesabatda, ötən illərdə olduğu kimi, bir neçə istiqamətə xüsusi diqqət yeririlmişdir. Məlumunuz olduğu kimi, ölkə rəhbərinin təşəbbüsü ilə vəsaitlərin təyinatının dəyişdirilməsi ilə bağlı Cinayət və İnzibati xətalar məcəllələrində müvafiq bəndlər əlavə edilmişdir. Cənab Prezidentin “maliyyə nəzarətinin və maliyyə intizamının” yüksəldilməsi ilə bağlı qəti tapşırıqları, xüsusilə bu sahəyə diqqəti və ümumilikdə vəsaitlərin təyinatı üzrə istifadə olunmasının səmərəlilik və qənaətlilik istiqamətində zəruri şərt olması Hesablama Palatasının nəzarət fəaliyyətində ön planda saxlanılmışdır.

 

Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarını hesabat ilində əsasən üç istiqamət üzrə qruplaşdırmışdır və diqqətə çatdırım ki,  ümumilikdə 53,4 mln. manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunmuşdur.

 

Təhlil göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçılardan zəruri sənədlərin alınmaması, xüsusilə də satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi nöqsanlardır.

 

Hörmətli millət vəkilləri!

 

Hesab edirik ki, dövlət satınalmaları sahəsində yol verilən pozuntularla bağlı Milli Məclisin ötən sessiysında Cinayət və İnzibati Xətalar Məcəllələrində edilmiş müvafiq dəyişikliklər böyük əhəmiyyətə malikdir və bu sahədə məsuliyyətin artırılmasında ciddi təkan olacaqdır.  

 

Vəsaitlərin səmərəsiz istifadə edilmə halları da diqqətdə saxlanılmışdır. Bu sahədə əsas məqsədimiz həmin halların yaranma səbəblərini müəyyən etmək və müvafiq təkliflərlə çıxış etməkdir. Ümumilikdə, hesabat ilinin nəticələrinə əsaslanaraq, Hesablama Palatası hesab edir ki, qurumlar tərəfindən həmin istiqamətlərə 82,9 mln. manat məbləğində vəsait yönəldilmişdir.

 

Əlavə olaraq, nəzarət tədbirlərinin nəticəsi əsasında dövlət büdcəsi xərclərinin proqnozlaşdırılması və icrasına xüsusilə təsir edən bir sıra nöqsanları diqqətə çatdırmaq istərdim. Hesablama Palatasının apardığı auditlər, təhlillər və monitorinqlər göstərir ki,  audit olunan qurumlar tərəfindən beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin smetasında  dəvət edilən iştirakçı sayının  əsassız artırılması, Dövlət İnvestisiya Proqramlarına investisiya layihələrinin bəzi hallarda tam hazırlanaraq daxil edilməməsi və yalnız proqrama daxil edildikdən sonra texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması, Səhmdar Cəmiyyətlər tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməməsi (xüsusilə icra müqavilələri üzrə), ehtiyat fondlardan ayrılan vəsaitlərin vaxtında icra olunmaması, xərcləri bir maddə ilə aparılan təşkilatlar tərəfindən icra dövründə  vəsaitlərin xərclər smetasında planlaşdırılmayan tədbirlərə və borclara yönəldilməsi kimi hallar da mövcuddur.

 

Hörmətli millət vəkilləri!

 

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq audit olunan qurumlar tərəfindən müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə bir neçə istiqamətdə tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlərə nöqsanlar səbəbindən artıq ödənilmiş vəsaitin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası ilə yanaşı vergi borclarının əvəzləşdirilməsi, yerinə yetirilməmiş işlərin başa çatdırılması və təhvil verilməmiş mal-materialların təhvil verilməsi və s. bu kimi tədbirlər aiddir.

 

Hesablama Palatası ötən illərdə həyata keçirilmiş auditlər üzrə görülmüş tədbirlərin sona çatdırılması işinə də diqqət yetirir və bu məlumatlar da daim nəzarətdə saxlanılır. Beləliklə, qeyd edə bilərik ki, Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi maliyyə-büdcə nəzarəti fəaliyyətinin və əvvəlki illərdə başa çatmış tədbirlərin davamı olaraq ümumilikdə  11,3 mln. manat, 75,0 min ABŞ dolları, 17,8 min avro məbləğində vəsaitin bərpası təmin edilmişdir və bu, keçən ilin müvafiq göstəricilərindən  9,6% çoxdur.

 

Həyata keçirilmiş tədbirlərin bir istiqaməti görülməmiş işlərin başa çatdırılması ilə əlaqədardır. Hesabat ilində qurumlar tərəfindən 4,1 mln. manat məbləğində görülməmiş işlər başa çatdırıldırılmış, sifarişçi-podratçı təşkilatlar tərəfindən 4,4 mln. manat məbləğində işlərin 2017-ci ilin birinci yarısında başa çatdırılacağı ilə bağlı öhdəlik məktubu Hesablama Palatasına daxil olmuşdur.

 

Bununla yanaşı, hesabat ilində 625,3 min manat dəyərində təhvil verilməmiş inventar və avadanlığın təhvil verildiyini qeyd etmək istərdim.

 

Əlavə olaraq,  audit olunan qurumlar üzrə 3,6 mln. manat məbləğində maliyyələşmə məbləğinin azaldılması təmin edilmişdir. 

 

Dövlət büdcəsi ilə yanaşı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 282,0 min manat məbləğində vəsait bərpa edilmiş, yığım hesabına toplanılmış  209,3 min manat məbləğində vəsait müvafiq hesabatlara bərpa edilmişdir.

 

Hesabat ili üzrə nəzarət tədbirlərinin nəticəsi kimi audit olunan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam tənbeh tədbirlərinin tətbiq edilməsi  ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olmuşdur.

 

Eyni zamanda, vurğulanmalıdır ki, bəzi qurumlar tərəfindən  nöqsanlara və pozuntulara  yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri görülməmiş,  həmçinin bu tədbirlərin preventiv xarakter daşıması nəzərə alınaraq tətbiq edilən tədbirlər də, əvvəlki illərdə olduğu kimi, kifayət qədər  sərt olmamışdır.

 

Auditlərlə yanaşı hesabat ilində 1-i məxfi olmaqla 10 analitik təhlil başa çatdırılmış və mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 9 təhlil işinin nəticələri sizlərə təqdim etdiyimiz Hesabata daxil edilmişdir.

 

2016-cı ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsi vəsaitlərinin icrasını təmin edən qurumların vəsaitlərin istifadəsi ilə bağlı təqdim etdiyi illik maliyyə hesabat və balans göstəricilərinin təhlili işlərinə dəbaşlanılmışdır. Hesabat ilində 113 qurum üzrə məxfi xərclər istisna olmaqla 5,8 mlrd. manat məbləğində vəsait bu təhlillərlə əhatə olunmuşdur. Təqdim olunmuş Hesabatın fərqləndirici xüsusiyyətlərindən biri də həmin təhlillər əsasında icmal nəticələrin Hesabatda əks  etdirilməsidir.

 

Hörmətli millət vəkilləri!

 

Nəzarət tədbirləri ilə yanaşı Hesablama Palatası tərəfindən həyata keçirilən inzibati fəaliyyət haqqında məlumat vermək istərdim.

 

AAQ olaraq korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyət gücləndirilmiş, “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə nəzərdə tutulmuş tədbirlərin icrası təmin olunmuşdur. Belə ki, Hesabat ilində keçirilmiş auditlərin nəticələri, dövlət büdcəsi ilə bağlı rəylər internet səhifəmizdə yerləşdirilmiş, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə tətbiqi proqramların icrasına başlanılmışdır.

 

Şəffafıq və hesabatlılıqla bağlı standartların icrası istiqamətində atılmış addımlar, o cümlədən nəzarət tədbirlərinin nəticələrinin açıqlanması, həmçinin dövlət büdcəsinin icrası üzrə rəylərin məlumatlılıq səviyyəsinin gücləndirilməsi ilə bağlı fəaliyyət müsbət nəticələr vermişdir. Belə ki, ABŞ Dövlət Departamenti tərəfindən təqdim olunan 2016-cı il üçün Fiskal Şəffaflıq Hesabatının Azərbaycanla bağlı bölməsində məhz Hesablama Palatasının fəaliyyətinin genişlənməsi ilə ölkəmizin bu sahədə əhəmiyyətli tərəqqi əldə etdiyi qeyd olunmuş, hesabat dövrü ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı hazırlanmış rəyinin geniş ictimaiyyətə açıqlanması müsbət dəyərləndirilmişdir.

 

2016-cı ildə iki nəzarət tədbirinin nəticəsi Azərbaycan Respublikasının prokurorluq orqanlarına göndərilmişdir.

 

Büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı korrupsiyaya qarşı mübarizə vasitəsi kimi təkliflərin hazırlanması hesabat ilində də təmin edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 9 təklif göndərilmişdir. Aktuallığı nəzərə alınaraq vəsaitin təyinatının dəyişdirilməsi hallarının müəyyən edilməsi, həmçinin Vahid Büdcə Təsnifatının beynəlxalq təcrübədə qəbul edilmiş Dövlət Maliyyə Statistikası Təlimatına uyğunlaşdırılması ilə bağlı təkliflərlə yanaşı, burada dövlət büdcəsinin gəlirləri, dövlət borcu, həmçinin məqsədli büdcə fondlarının xərcləri və təhsil xərcləri üzrə təkliflər də bu Hesabatda yer almışdır.

 

Hesabat ilində Hesablama Palatası iki beynəlxalq tədbirə ev sahibliyi etmiş, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın Konqresində iştirak etmiş, ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr davam etdirilmiş, əməkdaşların təlim və seminarlarda iştirakı təmin olunmuşdur.

 

Sonda bildirmək istəyirəm ki, 2016-cı ildə Hesablama Palatasının fəaliyyətinin təşkili məqsədilə dövlət büdcəsindən 3,3 mln. manat məbləğində vəsait sərf edilmişdir ki, bu məbləğin də 85,9%-ni əmək tutumlu xərclərdir. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin bütün istiqamətlər üzrə icrası haqqında Hesabatda ətraflı məlumat verilmişdir.

 

Çıxışımı Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti ilə bağlı Hesabatın Kollegiya tərəfindən təsdiq edildiyini və təqdim olunduğunu diqqətə çatdırlmaqla, Hesabatın nəzərə alınmasını xahiş edirəm.

 

Diqqətinizə görə təşəkkür edirəm!