Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Mərakeş Krallığında səfərdə olmuşdur
Əlavə olunub: 2017-03-27

Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 22-24 mart tarixlərində Mərakeş Krallığında səfərdə olmuş, bu ölkənin Ali Audit Qurumu (AAQ) olan  Hesablama Məhkəməsinin Prezidenti cənab Driss Jettou ilə görüşmüşdür.

 

İki AAQ rəhbəri arasında keçirilmiş görüşdə nümayəndə heyətinı Mərakeş Krallığının Hesablama Məhkəməsi barədə qısa məlumat verilmiş, həmçinin ölkələr  səviyyəsində formalaşmış yaxın münasibətlərə əsaslanmaqla qurumlararası peşəkar əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti və bunun üçün böyük potensialın mövcudluğu qeyd edilmişdir.

 

Daha sonra, Hesablama Məhkəməsi rəsmisinin təqdimatı çərçivəsində Məhkəmə və onun məsul olduğu kənar dövlət auditi funksiyasının Mərakeş Krallığındakı xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir. Təqdimatla Mərkeş Krallığının AAQ-nın müstəqilliyinin təminatları, sturkturu, hüquqi və audit funksiyaları, hesabatlılıq sistemi, beynəlxalq əməkdaşlıq və s. əhatə edilmişdir. Görüşün yekunu olaraq Azərbaycan Respublikasının Hesablama Palatasının sədri V. Gülməmmədov qarşı tərəfi Azərbaycan Respublikasının dövlət maliyyə idarəçiliyi, Hesablama Palatasının qanunvericilik mühiti, funksiya və vəzifələri, fəaliyyəti göstəricələri barədə məlumatlandırmış və ümumilikdə dünya AAQ-larının üzləşdiyi çağırışları vurğulamaqla birgə əməkdaşlığın mühüm olması fikrini səsləndirmişdir.

Rəsmi proqram çərçivəsində ölkədaxili protokola əsasən Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Mərakeşin mərhum Kralları Əlahəzrət V Məhəmmədin və Əlahəzrət II Həsənin məqbərəsini ziyarət etmişdir.

 

Səfər zamanı həmçinin Mərakeş Krallığı Hesablama Məhkəməsinin Fes və Meknes regionları üzrə Regional Hesablama Məhkəməsində də görüş keçirilmişdir. Nümayəndə heyətini qəbul edən yerli təşkilat regional səviyyədə iş fəaliyyətinin təşkili, funksiya və vəzifələr, əsas çağırışlar və s. barədə praktik məlumatlar təqdim etmişdir. Yerli qurumun rəsmiləri ilə aparılmış interaktiv fikir mübadiləsi zamanı hər iki ölkədə aparılan eyni peşəkar funksiyanın xüsusiyyətləri geniş müzakirə edilmişdir.