Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti INTOSAI-ın XXII Konqresində iştirak etmişdir
Əlavə olunub: 2016-12-29

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti 2016-cı ilin 5-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)  Abu-Dabi şəhərində BƏƏ  Dövlət Audit Ofisinin ev sahibliyi ilə keçirilən INTOSAI XXII Konqresində iştirak etmişdir. Qeyd etmək lazımdır ki, bu Konqres və ya INCOSAI  INTOSAI təşkilatına üzv olan bütün Ali Audit Qurumlarını birləşdirən və hər üç ildən bir keçirilən toplantı olmaqla yanaşı bu təşkilatın əsas idarəetmə orqanıdır.

 

XXII INCOSAI təntənəli açılış mərasimindən sonra təsdiq edilmiş gündəlik üzrə işinə başlamış və ilk olaraq INTOSAI-ın Baş katibliyi (Avstriya AAQ-ı) daxil olmaqla əsas rəhbər qurumlarının hesabatları, həmçinin Audit komitəsi adından Qana və Oman AAQ-larının birgə hesabatı dinlənilmiş və qəbul edilmişdir. Daha sonra ABŞ-ın AAQ-ı olan Dövlət hesabatlılıq idarəsinin rəhbəri INTOSAI-ın 2017-2022-ci illər üzrə Strateji Planını təqdim etmişdir. Növbəti altı il ərzində prioritet inkişaf istiqamətlərini təsbit etmiş plan Konqresin plenar iclasında təsdiq edilmişdir. Gündəlikdə duran növbəti məsələlər kimi INTOSAI-ın regional işçi qruplarının (AFROSAI, ARABOSAI, ASOSAI, CAROSAI, EUROSAI, OLACEFS və PASAI) hesabatları təqdim edilmiş, bununla da birinci plenar iclasın işi  başa çatmışdır.

 

Konqresin ikinci plenar sessiyası INTOSAI-ın əsas strateji məqsədləri üzrə məsul qurumları – Peşəkar Standartlar Komitəsi (1-ci Məqsəd Qrupu), Potensialın Artırılması Komitəsi (2-ci Məqsəd Qrupu) və Bilik Mübadiləsi Komitəsinin (3-cü Məqsəd Qrupu)  hesabatları ilə başlamışdır. Bilik Mübadiləsi Komitəsi ilə yanaşı bu strateji istiqamət üzrə fəaliyyət aparan İşçi Qruplar, o cümlədən sonuncu illik toplantısı Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə 2016-cı ilin iyun ayında Bakıda keçirilmiş Dövlət satınalmalarının auditi üzrə Xüsusi qrup məruzə ilə çıxış etmişdir. Ümumən, hər bir Komitə hesabatının sonunda çoxsaylı təkliflərlə çıxış etmişdir. Lakin bunlardan INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsinin təsdiq olunması, yeni Beynəlxalq standartların qəbulu proseduruna keçid, yeni beynəlxalq standartların qəbulu, bəzilərinin isə qüvvədən düşməsi və s. kimi məsələlər INTOSAI cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb etmişdir.

 

Tədbirin gedişində XXII INCOSAI-ın plenar sessiyalarının ardınca əvvəlcədən təsdiq olunmuş iki mövzu üzrə qrup müzakirələri aparılmışdır. “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinə” dair mövzu üzrə rəhbər və moderatorlar Səudiyyə Ərəbistanı Krallığının və BƏƏ-nin AAQ-ları, “Peşəkarlaşma”ya dair mövzu üzrə isə rəhbər və moderator Yeni Zellandiya AAQ-ı təyin edilmişdir. Hesablama Palatasının nümayəndə heyəti hər iki mövzu üzrə müzakirələrdə fəal iştirak etmişdir.

Konqresin 3-cü, sonuncu plenar sessiyasında bu mötəbər tədbirdə səsvermə yolu ilə əldə olunmuş bütün razılıqları və qrup müzakirələrin nəticələrini özündə cəmləşdirən Abu-Dabi Bəyannaməsi qəbul edilmişdir. XXII INCOSAI iclaslarda iştirak etmiş dəvətli qurumların (BMT, Dünya Bankı, Daxili Auditorlar İnstitutu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının) yüksək rütbəli nümayəndələrinin çıxışlarından sonra, INTOSAI təşkilatına Sədrlik səlahiyyətinin Çin Xalq Respublikası AAQ-dan BƏƏ AAQ-ına keçməsi və növbəti XXIII INCOSAI-ın Rusiya Federasiyasının ev sahibliyi ilə keçiriləcəyinin elan olunması ilə işini yekunlaşdırmışdır.