Hesablama Palatası Kollegiyasının iclası keçirilmişdir
Əlavə olunub: 2016-12-28

Azərbaycan Respublikası Hesablama Palatasının cari ildə sonuncu Kollegiyası keçirilmişdir.  Palatanın sədri Vüqar Gülməmmədov 2016-cı ilin ilkin yekunları və 2017-ci ildə qarşıya qoyulan vəzifələr barədə danışmış, maliyyə nəzarətinin gücləndirilməsi məqsədi ilə görüləcək işlər üzrə tapşırıqlar  vermişdir.

 

Kollegiya iclasında, həmçinin Hesablama Palatasının 2017-ci il üçün İş Planının layihəsi də müzakirə olunaraq təsdiq edilmişdir.

 

Daha sonra Palatanın nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən XXII INCOSAI-da (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı INTOSAI-ın Konqresində) iştirakı barədə Beynəlxalq əməkdaşlıq  və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynovun məlumatı dinlənilmişdir.

 

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:

 

1. Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;

 

2. Dövlət büdcəsindən Oğuz Rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin   proqnozlaşdırılması və icrasına dair;

 

3. Dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Hacıqabul rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

 

Kollegiya iclasında, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir.