Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclasında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər qəbul edilmişdir
Əlavə olunub: 2016-12-19

Cari ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin müzakirəsi olmuşdur.

 

Müzakirəyə təqdim edilmiş qanun layihəsində Azərbaycan Respublikasında büdcə sisteminin təşkili, təsdiqi, icrası və icrasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm əhəmiyyətə malik müddəalar öz əksini tapmışdır.

 

Qeyd edilən məsələlərin bir hissəsini də Respublikada kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı – Azərbaycan Respublikası Hesablama Palatasının funksiyalarının icrası ilə bağlı məsələlər təşkil edir.

 

Belə ki, Layihədə “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nə əsasən Palatanın funksiyalarının icrası ilə bağlı müəyyən edilmiş hüquq və vəzifələrin səmərəli icrası və ən əsası dövlət vəsaitlərinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının gəlirləri və xərcləri üzərində kənar dövlət maliyyə nəzarəti orqanı kimi effektiv nəzarət mexanizminin təmini istiqamətində məlumatların əldə edilməsi imkanının yaradılması ilə əlaqədar normalar yer almışdır ki, bu da Palatanın fəaliyyətinin təkmilləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

 

Məlum olduğu kimi dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və müvafiq icra barədə hesabatlara rəyin verilməsi Hesablama Palatasının funksional fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Lakin “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunundan və Hesablama Palatasının Daxili Nizamnaməsindən fərqli olaraq Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda dövlət büdcəsinin və büdəcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına dair Hesablama Palatasının rəyinin verilməsi, dövlət büdcəsinin gəlir və xərclərinin icrasını təmin edən dövlət orqanları tərəfindən gəlir və xərclərin icrası, habelə dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsi gəlirlərinin və xərclərinin bölgüsündə dəyişikliklər edildikdə bu barədə zəruri məlumatların Palataya təqdim edilməsi prosedurları müəyyən edilməmişdir (“Büdcə sistemi haqqında” Qanunda ümumiyyətlə layihələrə rəyin verilməsi məsələsi tənzimlənməmişdir).

 

Yeni Layihədə isə bu boşluqların aradan qaldırılması və Palataya məlumat bazasının formalaşdırılması sahəsində hüquqların verilməsi ilə bağlı müvafiq normalar müəyyən edilməklə dövlət vəsaitləri üzərində effektiv dövlət nəzarətinin təmin edilməsi nəzərdə tutulur.

 

Belə ki, Layihəyə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim olunacaq, eyni zamanda növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcəkdir.

 

Digər dəyişikliyə görə dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə, habelə, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar tərəfindən vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatların Palataya təqdim edilməsi nəzərdə tutulur. 

 

Layihəyə görə, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim edilməlidir.

 

Dəyişikliklərin digər bir hissəsini isə dövlət büdcəsinin icrası barədə aylıq və rüblük hesabatların müvafiq olaraq qanunla müəyyən edilmiş qaydada hesabat ayından sonrakı ayın 25-dək və növbəti rübün birinci ayının sonunadək Hesablama Palatasına təqdim edilməsi məsələləri təşkil edir.

 

Bununla yanaşı, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsinin növbəti ilin aprel ayının 25-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanaraq müvafiq dövlət orqanı ilə yanaşı Hesablama Palatasına da təqdim edilməsi nəzərdə tutulur.

 

Qanun Layihəsinin qəbul edilməsi son nəticədə Azərbaycan Respublikasında Ali Audit Orqanlarının Beynəlxalq Standartlarına (ISSAI) və mütərəqqi beynəlxalq təcrübəyə uyğun effektiv dövlət maliyyə nəzarətinin formalaşmasına imkan yaradacaqdır.

 

Eyni zamanda təqdim edilmiş dəyişikliklər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasında qəbul edilmiş “AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” 2011-ci il 22 dekabr tarixli və Assambleyanın 69-cu sessiyasında qəbul edilmiş “Ali Audit Qurumlarının gücləndirilməsi yolu ilə dövlət idarəetməsində səmərəliliyin, hesabatlılığın, nəticəliliyin və şəffaflığın inkişaf və təmin edilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli qətnamələrinə də uyğun olaraq Ali Audit Orqanı kimi Hesablama Palatasının fəaliyyətinin təkmilləşdirilməsində dövlətimiz tərəfindən atılmış mühüm addımdır.