Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlarda həyata keçirilmiş auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2016-12-13

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Azərbaycan Respublikası  Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

Zaqatala rayonu Şəki-Zaqatala İqtisadi rayonuna daxil olmaqla, ərazisi 1348 km², əhalisinin sayı 124,8 min  nəfər, mənzil fondunun yaşayış sahəsində özəlləşdirilmiş mənzillər 57099 m²,  dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi isə 9163,6 m²  təşkil etmişdir.

 

Audit 4 qurumda həyata keçirilmiş və ümumilikdə 4,4 mln. manat məbləğində vəsait əhatə olunmuşdur.

 

Auditlə müəyyən edilmişdir ki,  Zaqatala rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar və hesablamalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılmış, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməmiş, mənzil fondunun hər m²-ə düşən xərclər araşdırılmamış, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanmışdır. Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri  üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməmiş, müntəzəm süpürülən sahələrin dislokasiyası təsdiq edilməmiş və müvafiq illər üzrə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiq edilmişdir

 

“Yolların əsaslı təmiri” və “Mənzil fondunun əsaslı təmiri” xərc maddələri üzrə vəsaitlərin istifadəsi zamanı iş vahidlərinin qiymətinin artırılması hesabına büdcə vəsaiti podratçılara artıq ödənilmiş, 2014-cü ildə sanitar təmizlik, yaşıllıqlara qulluq və küçələrin işıqlandırılması işlərinə xidmət göstərilməsi məqsədi ilə ödənilmiş vəsaitin bir hissəsinin təyinatı dəyişdirilmiş, şəxsi həyətyanı və kommunal evlərin sahibləri ilə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə bağlanmış müqavilələr üzrə vəsaitin alınması barədə müvafiq tədbirlər görülməmişdir.

 

Qurumlar tərəfindən Satınalmalar üzrə qanunvericiliyin bəzi tələblərinə əməl edilməyərək satınalma proseduru keçirilmədən müqavilələr bağlanmış, keçirilən satınalmalarda isə iddiaçılardan müvafiq məlumatlar tələb edilməmiş, podratçılarla bağlanılmış müqavilələrin xüsusi şərtləri tərtib olunmamış, müqavilənin yerinə yetirilməsinin təminatı alınmamışdır.

 

Hesablama Palatasının Kollegiyası Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə Kollegiya Qərarının surəti İcra Hakimiyyətinə göndərilmişdir.

 

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.