Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və tabeliyində olan müəssisə və təşkilatlarda həyata keçirilmiş auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2016-12-13

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Azərbaycan Respublikası  Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (Agentlik) və onun tabeliyində olan “Azalternativenerji” MMC (Cəmiyyət) tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

 

Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirir.

 

Audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə etmişdir.

 

Agentliyin tabeliyində olan “Azalternativenerji” MMC tərəfindən 17 obyektdə (günəş, külək və kiçik su elektrik stansiyası) bütün qurğularla alternativ enerji mənbələri  hesabına elektrik enerjisinin istehsalı 2015-ci ildə 8157799,0 kVt.s və 2016-cı ilin birinci rübündə isə 1949889,0 kVt.s təşkil etmişdir.

 

2015-ci ildə elektrik enerjisi istehsalı ümumi istehsalat gücünün 46,0%-ni təşkil etmiş,. 4 obyektin layihə gücündən 10,0%, 5 obyektin layihə gücündən 20,0%, 4 obyektin layihə gücündən 50,0%, 2 obyektin layihə gücündən 90,0% və 2 obyektin layihə gücündən isə 90,0%-dən çox istifadə olunmuşdur.

 

Audit olunan obyektlər tərəfindən istehsal edilmiş elektrik enerjisinin 88,1%-i satışa ötürülmüş, 11,9%-i daxili istehlaka və itkiyə yönəldilmişdir.

 

 “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməmiş, “Azalternativenerji” MMC-nin idarəetmə orqanlarından olan Müşahidə Şurası və Elmi metodiki Mərkəz yaradılmamış, Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilmiş, Proqramda qoyulan məqsədlərin bəzilərinə nail olunmamış,  “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası” layihəsinin müvafiq direktiv orqanlarında təsdiq edilməsi təmin edilməmişdir.

 

Layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir. Agentlik tərəfindən bu, həmin ərazilərdə infrastruktur işlərinin müxtəlifliyi ilə əlaqləndirilsə də, eyni güclərin yaradılmasına çəkilən xərclərin əhəmiyyətli fərqlənməsi obyektlərin layihələndirilməsi işinin təkmilləşdirilməsinin və əlaqələndirilməsinin zəruri olduğunu qeyd etmək imkanı verir.

 

Müəyyən edilmişdir ki, bəzi hallarda enerji satışı üzrə hesablaşmaların uçotu vaxtında aparılmamış, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi tam təmin edilməmiş,  bəzi aktivlər əsas vəsait kimi uçota alınmamış, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilmiş, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər görülməmişdir.

 

Hesablama Palatasının Kollegiyası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyət  tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə Kollegiya Qərarının surəti və  müvafiq Təqdimat Agentliyə göndərilmişdir.

 

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.