Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının satınalma üzrə heyəti ilə görüşmüşdür
Əlavə olunub: 2016-12-06

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının satınalma üzrə aparıcı mütəxəssisi və Cənubi Qafqaz Regionunda Satınalma Məsələləri üzrə Ölkə Heyətinin rəhbəri cənab Məcid M.El-Bayyanın başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir.

 

Satınalma heyətinin Bakıya səfərinin məqsədi satınalma sahəsində aparılan islahatlar və potensialın gücləndirilməsi ilə bağlı siyasət dialoqunun davam etdirilməsi, dövlət satınalmaları haqqında təklif olunan yeni qanun layihəsi ilə bağlı Dünya Bankına rəylərin təqdim olunması və müzakirəsi, ölkədə satınalma mühitinin təkmilləşdirilməsi yönündə mümkün addımlara dair tövsiyələrin verilməsi və Bankın maliyyələşdirdiyi fəaliyyətlər çərçivəsində Layihə İcra Qrupları üçün satınalma və müqavilələrin idarə olunması ilə bağlı bir günlük sual-cavab seminarının təşkili olmuşdur.

 

Görüş zamanı Hesablama Palatasının Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində görülmüş işlər və bu istiqamətdə potensial imkanlar barədə fikir mübadiləsi aparılmışdır. Hesablama Palatasının sədri V. Gülməmmədov Dünya Bankının layihələrinin auditi, o cümlədən Hesablama Palatasının Bankın satınalma proseduraları üzrə keçirilən auditləri ilə bağlı təcrübəsi barədə məlumat vermişdir. 

 

Həmçinin, Hesablama Palatasının sədri nümayəndə heyətini Palatanın üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində bu istiqamət üzrə fəaliyyətin genişləndirilməsi və Palatanın INTOSAI-ın (Ali Audit Qurumların Beynəlxalq Təşkilatı) Dövlət Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupuna üzv olması və cari ilin iyun ayında bu Qrupun III toplantısına ev sahibliyi etməsi barədə məlumatlandırmışdır.


Sonda hər iki tərəf Dünya Bankı ilə Hesablama Palatası arasında kənar dövlət auditinin gücləndirilməsinin zərurəti zəminində yaranmış əməkdaşlıq səviyyəsində  razı olduğunu bildirmiş və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.