Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədovun 2017-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında çıxışı
Əlavə olunub: 2016-12-07

Hörmətli cənab Sədr! Hörmətli cənab Baş Nazir! Hörmətli millət vəkilləri!

Hörmətli hökumət üzvləri! Xanımlar və cənablar!

 

Azərbaycan Respublikasının Hesablama Palatası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2017-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyini hazırlayaraq təqdim etmişdir. Rəydə növbəti ilin büdcəsi ilə bağlı geniş təhlillər, əldə edilmiş nəticələr və tövsiyələr öz əksini tapmışdır.

 

İlk olaraq qeyd edim ki, müzakirə olunan qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə və həmin qanunla təsbit edilmiş digər tələblərə uyğundur.

 

Növbəti ilin dövlət büdcəsi ilə Palatanın rəyinin hörmətli millət vəkillərinə təqdim ediliyini, büdcə layihəsinin Milli Məclisinin komitələrində müzakirəsi zamanı əsas məqamlarla bağlı Hesablama Palatasının mövqeyinin diqqətə çatdırıldığını nəzərə alaraq çıxışımı cari dövrün tələblərinə uyğun beynəlxalq təcrübədə də müəyyən edilmiş bir sıra prioritet istiqamətlər üzrə qurmaq istərdim. 

 

Məndən əvvəl çıxış edən natiqlər son dövrün qlobal makroiqtisadi şəraiti ilə bağlı geniş məlumat verdilər. Müasir dövrün tələbləri iqtisadi sistemin fəaliyyət prinsiplərinə yenidən baxılması ilə yanaşı ÜDM-in formalaşması və gəlirlərin yenidən paylanmasında əsas və mühüm maliyyə sənədi olan dövlət büdcəsinə də yeni baxışı zəruri edir.

 

Yeni şəraitdə fiskal konsolidasiya tədbirləri ön plana çıxır ki, bu da hər bir ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi və siyasi perspektivlərinin təsiri ilə formalaşır. Bununla belə, atılacaq addımlar iki əsas istiqaməti əhatə edir: xərclərin qənaətli və səmərəli istifadəsi və gəlirlərin mobilizasiyası və artırılması.  

 

Maliyyə resurslarının axınının məhdudlaşdığı, həmçinin geosiyasi amillərlə də şərtlənən nisbi azalma mövcud gəlirlərin artırılması istiqamətində vacib islahatları obyektiv zərurətə çevirir.  Bu islahatlar, eyni zamanda idarəetmə müstəvisində qərarların daha çevik qəbul edilməsini özündə ehtiva edir.

 

Azərbaycan Respublikası Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən imzalanmış 2016-cı il 4 avqust tarixli Sərəncamla 2016-cı il üzrə nəzərdə tutulan müvafiq islahatların reallaşdırılması və səmərəli vergi nəzarəti mexanizmlərinin qurulması tapşırılmışdır. Bu tapşırıqların icrası vergi intizamının daha da gücləndirilməsi və vergi potensialının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və  tam həcmdə dövlət büdcəsinə cəlb olunması üçün münbit şərait yaradacaqdır.

 

Ölkə rəhbərinin müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi  2017-ci il üçün büdcə - vergi siyasətinin əsas istiqamətlərinində əks etdirilmiş vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə alınması, vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması kimi tədbirlərin reallaşdırılmasından keçir. Bu tədbirlər ilk növbədə, vergi inzibatçılığının gücləndirilməsini zəruri edir. Eyni zamanda, hesab edirik ki, yığım əmsalının və vergi növləri üzrə boşluqların hesablanılması ilə bağlı konkret metodikanın, həmçinin vergi yükünün optimallaşdırılması istiqamətində mərhələli tədbirlər planının işlənilməsi büdcə-vergi siyasətinin əsas istiqamətlərinin reallaşdırılmasına müsbət təsir göstərər.

 

Aparılan təhlil göstərir ki, 2017-ci il üzrə təklif olunan dövlət büdcəsinin gəlirlərinin proqnoz parametrlərinə ehtiyatlı ssenari tətbir edilməklə yanaşılmışdır. Makroiqtisadi mühitin dəyişkənliyi və əmtəə bazarlarının davranışı  həmin parametrlərə hesabat ili ərzində yenidən baxılması ehtimalını  istisna etmir.

 

Hörmətli millət vəkilləri!

 

Müasir iqtisadi çağırışlar gəlirlərin artırılması ilə yanaşı vəsaitlərin icrası prosesinə də öz tələblərini müəyyən edir. Büdcə vəsaitlərinin səmərəli, qənaətli və məqsədli istifadəsi öz aktuallığı ilə dövlət maliyyə sisteminin əsas vəzifəsidir. Belə ki, müşahidə etdiyimiz sistemli maliyyə böhranı xərclərin konsolidasiyasını zəruri etmişdir. Konsolidasiya tədbirləri büdcə xərclərinin qənaətli istifadəsi ilə yanaşı, məqsədli istifadə alətlərinin tətbiqini nəzərdə tutur.

 

İqtisadi stabilliyin  qısamüddətli, dayanıqlığın isə uzunmüddətli makroiqtisadi şərait olduğunu nəzərə alsaq, büdcə-vergi siyasətinin əsas istiqamətlərində mümkün ssenarilər və büdcə parametrləri üzrə əsaslandırmalar məhz  stabillik və dayanıqlıq baxımından tərtib edilməlidir. Bu isə ilk növbədə fiskal çərçivənin formalaşdırılmasını tələb edir ki, həmin çərçivəni təmin edəcək fiskal qaydaların tətbiqi, həmçinin bu qaydaların makro-fiskal çərçivə ilə uzlaşdırılması və təkmilləşdirilməsi zəruri hesab edilir.

 

Yuxarıda da qeyd etdiyim kimi, müasir iqtisadi çağırışlar büdcə sisteminə yeni baxışın tətbiqini zəruri edir. Dövlətin iqtisadiyyatda rolunun artması dövlət büdcəsi xərclərinin optimal idarəedilməsi məsələsinin aktuallığını daha da artırmışdır. Əksər ölkələrdə dövlət xərclərinin səmərəliliyinin qiymətləndirmək məqsədilə nəticəyə hədəflənmiş büdcə metodundan (və ya fəaliyyət büdcəsi) istifadə edilməyə başlanılmışdır. Bu isə öz növbəsində dövlət büdcəsi xərclərinin məqsədli proqramlar səviyyəsində icrasını təmin etməklə həmin vəsaitlərin daimi monitorinqi və  qənaətli istifadəsini qiymətləndirmək imkanı verir.

 

Beynəlxalq təcrübədə dövlət vəsaitlərinin  icrasına nəzarət mühüm alət hesab olunur. Cari şərtlər daxilində isə bu, xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı dəfələrlə öz çıxışlarında tapşırıqlarını səsləndirmişdir.

 

 Maliyyə nəzarətinin müxtəlif səviyyələrdə tətbiqi vəsaitlərin proqnozlaşdırlması prosesindən başlayaraq həyata keçirilir. Bu, ilk növbədə büdcənin gəlir və xərclərinin dəqiq uçotunu, həmçinin hesabatlılığı tələb edir. Belə ki, qeyd edilən yanaşma icra prosesində rast gəlinən  və yarana biləcək xətaların əksər hissəsinin qarşısını alır. Hesabatlılıq isə inzibatçılığın gücləndirilməsinə xidmət etməklə büdcə şəffaflılığının artırılması ilə nəticələnir. Gəlir və xərclərin uçot və hesabatlılığının yüksəldilməsi cari, ilkin və sonrakı maliyyə nəzarətinin işini asanlaşdırmaqla nəticəliliyin qiymətləndirilməsinə, vəsaitlərin qənaətli və səmərəli istifadəsinə gətirib çıxarır. 

 

 Qeyd edilənlər öz növbəsində fiskal şəffaflığın və maliyyə nəzarətinin təmin edilməsi məqsədilə müvafiq göstəricilər sisteminin yaradılmasını tələb edir. Təbii ki, müasir şəraitdə ən ümdə məsələ vəsaitlərin səmərəli istifadəsini, həmçinin nəzarətin səmərəliliyini müəyyən edən prinsiplərin formalaşdırılması və dəqiq tətbiqidir. Bu isə, yenə də büdcə qanunvericiliyinin bu məsələləri özündə ehtiva etməsi ilə təkmilləşdirilməsindən keçir.

 

Qeyd edək ki, “Büdcə sistemi haqqında” qanunun qəbulundan 15 ilə yaxın vaxt ötür. Bu müddət ərzində qanununa çoxsaylı dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər neft gəlirlərinin optimal idarəedilməsi ilə bağlı olan dəyişikliklər hesab olunur.

 

Son dövrlərdə  də  büdcə qanunvericiliyində  yeni iqtisadi siyasətin çağırışlarına uyğun dəyişikliklər aparılması davam etdirilir. Bu dəyişikliklər isə inzibati tədbirlərin gücləndirilməsi, büdcə vəsaitlərinin üzərində nəzarətin artırılmasi və vəsaitlərə qənaətli yanaşmanı təmin edilməsini hədəfləyən dəyişikliklərdir. Hesab edirik ki, büdcə qanunvericiliyinin  yeni çərçivəsinin müəyyən edilməsi, başqa sözlə, onun sistemli və stabil xarakterə malik olmasını, ayrı-ayrı qanun və normativ sənədlərdə paylanmış “büdcə norma”larını bir vahid sənəddə birləşdirilməsini təmin edəcək müvafiq məcəllənin qəbul edilməsi  günün əsas tələblərindəndir.

 

Cari dövrün şərtləri dünya ölkələrini fiskal konsolidasiya tədbirlərini həyata keçirməyə vadar etmişdir. Büdcə xərcləri ilə bağlı atılan addımlar əsasən cari xərclərin azaldılması ilə bağlıdır. Təqdim edilən büdcə layihəsində bu istiqamətdə mühüm addımlar atılmışdır. İqtisadiyyatı təbii resursla zəngin dövlətlərdə böhrandan öncəki dövrdə cari xərclər üzrə artım (Oman, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı) müşahidə edildiyi üçün son illərdə məhz cari xərclərin (xüsusilə, büdcə sektorunda əmək haqlarının) azaldılması prioritetə çevrilmişdir. Diqqətə çatdırmaq istərdim ki, növbəti ilin büdcə layihəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin büdcənin cari xərclərin azaldılması və bu xərclərin əsasən vergi gəlirləri hesabına maliyyələşdirilməsi istiqamətində tapşırıqlarının icrası öz əksini tapmışdır. Ümumilikdə isə beynəlxalq təcrübənin təhlili ölkəmizdə son dövrlərdə atılmış addımların müasir dövrün tələblərinə uyğun olduğunu və gələcək inkişafa istiqamətləndiyini vurğulamaq imkanı verir.

 

Hörmətli millət vəkilləri!

 

Diqqətinizi yönəltmək istədiyim son məsələ dövlət borcu ilə bağlıdır. Dövlət borcunun cari vəziyyəti və növbəti ilə proqnozlaşdırlmış göstəricilərlə bağlı hörmətli maliyyə naziri geniş məlumat verdi. Çıxışdan da göründüyü kimi, dövlət borcunun artımı iqtisadi əhəmiyyətli və strateji yükü olan layihələrin maliyyələşdirilməsi ilə bağlıdır. Həmin layihələrin reallaşdırılması gələcək inkişafın ilkin təməllərindədir. Bu aspektdən biz artıq dövlət borcunun yerinə yetirdiyi iqtisadi funksiyalara diqqət yetirməliyik.  

 

İstərdim ki, indiki şəraitdə dövlət borcu ilə bağlı iki əsas məqamı vurğulayım. İlk olaraq dövlət borcunun idarəedilməsi ön plana çıxır. Borcun idarəedilmə sistemi ilk növbədə vaxt, həcm, müddət, faiz baxımından risklərin və likvidliyin idarəedilməsini  zəruri edir.

 

Hesablama Palatası əvvəlki illərdə təqdim etdiyi Rəylər də dövlət borcunun idarəedilməsində ən əhəmiyyətli boşluq olan dövlət borcunu daimi nəzarətdə saxlayan və onun dayanaqlılığının təmin edilməsində zəruri hesab edilən borc strategiyasının yaradılmasını  təklif etmişdir.

 

Təqdim olunmuş büdcə zərfində büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi - dövlət borcunun idarə olunması üzrə orta və uzun müddətli strategiyanın hazırlanması tələbi tərəfimizdən təqdirəlayiq hal kimi qiymətləndirilir.

 

İkinci qeyd etmək istədiyim məqam isə şərti öhdəliklərlə bağlıdır. Şərti öhdəliklərin dövlətin iqtisadi-maliyyə vəziyyəti qənaətbəxş olduğu təqdirdə nəzərə çarpmaması sonradan maliyyə şoku və ya kritik borclanma riskinin yaranma ehtimalını diqqətdə saxlamağı tələb edir. Bu kimi hallar bir çox ölkələrin təcrübəsində müşahidə olunmuşdur. Qeyd edilənlər isə borcun davamlılıq təhlilini də aktuallaşdırmaqla yanaşı şərti öhdəliklər üzrə məlumatların hüquqi status baxımından qanunvericilikdə əks olunmasını şərtləndirmişdir.

     

Hörmətli Sədr! Hörmətli millət vəkilləri! Hörmətli hökumət üzvləri!

 

Hesablama Palatasının Kollegiyası təqdim olunmuş qanun layihəsinin “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun hazırlandığını, həmçinin qanun layihəsini müşayiət edən sənədlərin müasir dövrün tələblərinə uyğun praqmatik yanaşma ilə tərtib edildiyini nəzərə alaraq Milli Məclisdə müzakirə olunmasını tövsiyyə etmişdir. Palatanın rəyinin də nəzərə alınmasını və növbəti ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinin qəbuluna səs verməyinizi xahiş edirik.

 

Diqqətinizə görə təşəkkür edirəm!