Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində aparılmış auditin nəticələrinə dair məlumat
Əlavə olunub: 2016-12-07

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

 

Azərbaycan Respublikası  Hesablama Palatasının Kollegiya iclasında mövcud  qanunvericiliyin tələbinə uyğun olaraq 01.04.2015-01.07.2016-cı il dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri nəticələri haqqında  Hesabat müvafiq qaydada təsdiq  olunmuşdur.

 

Audit prosesində risk əsaslı seçmə həyata keçirilmiş və araşdırma həmin işlər üzrə aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, audit olunan dövr ərzində Şöbənin “Yığım” hesabının mədaxili 73806796,03 manat, dövrün əvvəlinə qalığı da nəzərə almaqla məxarici isə 73954554,51 manat təşkil etmişdir.

 

Sığortaedənlərin və sığortaolunanların qeydiyyatı və uçotu, əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmış, 01.07.2016-cı il tarixə Şöbədə 29701 sığortaedən qeydiyyatda olmuşdur ki, onlardan da 14869 sığortaolunan üzrə 299 hüquqi şəxsin, 688 sığortaolunan üzrə 1727 fiziki şəxsin və 908 torpaq mülkiyyətçisi olmaqla cəmi 2934 sığortaedənin fəaliyyəti olmuşdur.  

 

Audit olunan dövr ərzində Şöbənin məcburi dövlət sosial sığorta haqları, penya və maliyyə sanksiyaları üzrə gəlirləri ümumilikdə 12969,1 min manat təşkil etmiş, həmin vəsaitin də 12878,5 min manatı və ya 99,3%-ini məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 87,5 min manatını və ya 0,7%-ini penyalardan, 3,1 min manatı isə digər gəlirlərdən ibarət olmuşdur.

 

Audit olunan dövr ərzində məcburi dövlət sosial sığorta haqqı hesabına ümumilikdə 658175,34 manat məbləğində müavinət, işləməyən pensiyaçılar üzrə ümumilikdə 384329,45 manat məbləğində dəfn üçün müavinət ödənilmişdir. 

 

Araşdırma zamanı müəyyən edilmişdir ki, məcburi dövlət sosial söğorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməmiş, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olmuş, debitor borcların aradan qaldırılması istiqamətində Şöbənin fəaliyyəti qənaətbəxş olmamış, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməmişdir.

 

Əmək pensiyalarının təyinatı və ödənişi araşdırılarkən müəyyən edilmişdir ki, audit olunan dövr ərzində 1499 yeni pensiya təyinatı aparılmış, 7 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olmuş, 30 pensiya işi Fondun digər rayon şöbələrinə göndərilməsi, 149 pensiya işi 5 il müddətin bitməsi, 1515 pensiya işi isə pensiyaçının vəfatı ilə əlaqədar olaraq uçotdan çıxarılmışdır.

 

Yeni təyin olunmuş pensiya işlərinin 884-ü və ya 59,0%-i yaşa görə, 470-i və ya 31,3%-i əlilliyə görə, 145-i və ya 9,7%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olmuşdur.

 

01.07.2016-cı il tarixə Şöbə üzrə 29697 pensiya işi, o cümlədən 17393 ədəd yaşa görə (58,6%), 9536 ədəd əlilliyə görə (32,1%) və 2768 ədəd ailə başçısını itirmiş ailələrin (9,3%) pensiya işi mövcud olmuşdur.

 

Pensiya təyinatı və ödənişi üzrə bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları ətraflı araşdırılmadan, düzgün hesablamalar aparılmadan pensiya təyinatı aparılmış, sığorta stajının, ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin düzgün nəzərə alınmaması, vəfat etmiş şəxsin sığorta stajı üzrə hesablanmış pensiya məbləğinin ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvləri arasında düzgün bölüşdürülməməsi, pensiyanın baza hissəsinin düzgün hesablanmaması kimi nöqsanlara yol verilmişdir.

 

Pensiya islahatlarının aparılması və fərdi uçot sisteminin tətbiqi vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, B1 formalı “Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı” bəzi sığortaedənlər tərəfindən vaxtında təqdim edilmir ki, bu vəsaitlərin fərdi hesablara işlənilməsinə maneə yaradır.

 

Hesablama Palatasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən yol verilmiş nöqsanların nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə müvafiq Təqdimat Lənkəran şəhər şöbəsinə, Kollegiya qərarının surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.

 

Auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilmişdir.