Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri barədə məlumat
Əlavə olunub: 2016-12-07

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

 

Azərbaycan Respublikası  Hesablama Palatasının Kollegiya iclasında mövcud  qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsindən 2013-2015-ci illərdə Cəlilabad  Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında  Hesabat müvafiq qaydada təsdiq  olunmuşdur.  

Hesabatda  2013-2015-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən  Həziabad kənd 360, Soltankənd kənd 180, Cəfərli kənd 180, Məmmədrzalı kənd 220 və İncilli kənd 180 şagird yerlik tam orta məktəblərinin tikintisi, Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qarazəncir-Qarakazımlı-Boyxanlı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yollarının tikintisi və  rayonunun abadlıq-quruculuq işləri üçün istifadə olunan ümumilikdə 41956,8 min manat vəsaitin auditlə  əhatə olunduğu öz əksini tapmışdır.

 

Auditlə əhatə olunan dövrdə  4 kənddə  tam orta məktəb üçün binalarıın tikilərək istismara verildiyi, Cəlilabad ilə 5 kəndi birləşdirilən və 8 yaşayış məntəqəsini birləşdirən kəndlər arası avtomobil yollarının tikintisi aparılıb  rayonun  mərkəzində abadlıq-quruculuq işləri həyata keçirilsədə bəzi nöqsanlarada yol verilmişdir.

 

Belə ki, Cəlilabad  Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il tarixli 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”n tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə  sənədləri hazırlanmamış, mövcud qaydaların  tələblərinə əməl edilməyərək  akt zalının, idman zalının, fizika, kimya laboratoriyalarının və kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilmişdir.

 

Qüvvədə olan qaydaların tələbinə əməl  olunmayaraq sökülən köhnə məktəblərin yerində inşa olunsada, yararsız hala düşmüş əsas vəsaitlərin yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün müvafiq ləğvetmə komissiyası yaradılmamış, avtomobil yolların  istismara verilməsi haqqında tərtib edilmiş Dövlət Qəbul Komissiyasının tərkibinə  aidiyyəti qurumların nümayəndələri daxil edilməmişdir.

 

Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi zamanı  trassanın keçdiyi yerlərə təbii-iqlim amillərinin təsiri öyrənilməmiş, sürüşmə zonaları müəyyənləşdirilib geoloji müayinə işləri aparılmamış, layihə-smeta sənədlərində avtomobillərin yol üzrə təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi mühəndisi tədbirlərin işlənməsi nəzərdə tutulmamış Cəlilabad rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun başlanğıcında su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yolun 3,0 km-lik hissəsində (Məhəmməd Hadi küçəsi) asfalt beton örtüyü dağılmış, istismara qəbul edilən avtomobil yolları “Cəlilabad 56 saylı Yol İstismarı” MMC-nin balansına təhvil verilməmişdir.

 

Qarazəncir-Qarakazımlı-Boyxanlı avtomobil yolunun tikintisi üzrə yol layihələndirilərkən yol tikilən ərazilərdə yaşayan insanların təsərrüfat fəaliyyəti, yaxınlıqda yerləşən müəssisələrin fəaliyyət növü, bazalara yük daşıyan nəqliyyat vasitələrinin tərkibi və yükgötürmə qabiliyyəti nəzərə alınmamış, həmin ərazidə hərəkətin həcmi, tərkibi, yolun yük gərginliyi IV texniki dərəcəyə uyğun göstəricilərdən dəfələrlə yüksək olduğu üçün istismara verilməsindən az müddət keçməsinə baxmayaraq yol örtüyünün bəzi hissələrində dağılmalar, deformasiyalar əmələ gəlmiş, yolda nəqliyyat işinin əsas göstəricisi olan nəqlolunma surəti aşağı düşmüşdür.

 

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi üzrə satınalmanın yekun protokolunda tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsinin nəticələri üzrə məlumat göstərilməmiş, texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilmiş, obyektin tikintisi 2014-cü ilin avqust ayında başa çatmasına baxmayaraq istismara verilməsi haqqında tərtib olunan aktın aidiyyəti təşkilatlar tərəfindən imzalanması başa çatdırılmamıdır. 

 

Hesablama Palatasının Kollegiyası Cəlilabad  Rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırılması  nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi və  bu istiqamətdə görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi  barədə qərar qəbul etmişdir.

 

Qərarın surəti  Cəlilabad  Rayon İcra Hakimiyyətinə  göndərilmiş, auditin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilmişdir.