Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Ankara şəhərində keçirilmiş ECOSAI 7-ci Assambleyası və 7-ci Simpoziumunda iştirak etmişdir
Əlavə olunub: 2016-10-24

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Adil Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti 2016-cı ilin  17-19 oktyabr tarixlərində ECOSAI təşkilatının Türkiyənin Ankara şəhərində keçirilən 7-ci Assambleyası və 7-ci Simpoziumunda iştirak etmişdir.

 

Açılış mərasimində nitq ilə çıxış edən Türkiyə Hesablama Məhkəməsinin Prezidenti cənab Seyit Ahmet Baş tədbirdə iştirak edən nümayəndə heyətlərini salamlamış və onlara uğurlar arzulayaraq ECOSAI-ın gələcək fəaliyyətinin gücləndirilməsi istiqamətində toplantıda fəal iştirak etmələrini arzulamışdır.

 

Tədbirin gedişatında ECOSAI-ın illik maliyyə və fəaliyyət hesabatları dinlənilmiş, ECOSAI jurnalının nəşri, ECOSAI-ın 2016-2021-ci illər üzrə Strateji Planı, ECOSAI-a üzv AAQ-lar arasında əməkdaşlıq sazişlərinin imzalanması və birgə auditlərin keçirilməsi, habelə ECOSAI-ın INTOSAI təşkilatının Regional təşkilatı olması istiqamətində gələcək fəaliyyətlərin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatası nümayəndə heyətinin rəhbəri Sədr müavini Adil Məhərrəmov tədbirdə çıxış edərək ECOSAI Katibliyi tərəfindən bu günə kimi görülmüş işlərin, keçirilmiş tədbirlərin və təlimlərin önəmliliyini bir daha vurğulamış, ECOSAI-ın 2016-2021-ci illər üzrə yeni Strateji Planı ilə bağlı təklifləri dilə gətirmiş, eyni zamanda üzv AAQ-lar arasında ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinin gücləndirilməsi kimi məsələlərə toxunmuşdur. Bundan əlavə, Assambleyada Hesablama Palatası nümayəndə heyəti ECOSAI-ın 2013-2015-ci illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı hesabatı təqdim etmiş və bununla da Audit Komitəsində üzvlüyündən irəli gələn yekun vəzifəsini yerinə yetirmişdir.

 

Assambleyada ən mühüm məsələlərindən biri kimi Azərbaycan Respublikası Hesablama Palatasının növbəti üç il müddətinə 2016-2019-cu illər üzrə ECOSAI-ın İdarə Heyətinə üzv seçilməsi olmuşdur.