ABŞ Dövlət Departamentinin 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatında Palatanın fəaliyyəti müsbət qiymətləndirilib
Əlavə olunub: 2016-08-02

ABŞ Dövlət Departamentinin təqdim olunan 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatının Azərbaycanla bağlı bölməsində Azərbaycanın bu sahədə əhəmiyyətli tərəqqi əldə etdiyi qeyd olunub,   hesabat dövrü ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hazırlanmış rəy hesabatların geniş ictimaiyyətə açıqlanması müsbət qiymətləndirilib.

 

ABŞ Dövlət Departamentinin 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatı açıqlanıb.

 

Hesabatda Azərbaycan  Respublikasının  dövlət  büdcəsinə dair məlumatlar, maliyyə idarəçiliyinin vacib  elementi olan maliyyə şəffaflığının təminatı istiqamətində mühüm irəliləyişlər öz əksini tapıb. 

 

Sənəddə maliyyə şəffaflığının  ictimai etimadın gücləndirilməsi və iqtisadi davamlılığın möhkəmlənməsində vacib rol oynadığı, hökumətin məsuliyyətinin və  ictimai müzakirələrin gücləndirilməsinə təkan verdiyi,  Azərbaycanın bu sahədə əhəmiyyətli tərəqqiyə nail olduğu və ABŞ  hökumətinin Azərbaycanın  səylərinə yüksək qiymət verdiyi  vurğulanıb.

 

Həmçinin, hesabat ilində Azərbaycanın Ali Audit Qurumu olan Hesablama Palatasının hazırladığı rəy hesabatlarında planlaşdırılan xərclər, o cümlədən dövlət müəssisələrinə ayırmalar  haqqında daha müfəssəl məlumatların geniş ictimaiyyətə açıqlandığı qeyd olunur.

 

Hesabatda Hesablama Palatası tərəfindən bütün əhəmiyyətli dövlət müəssisələrində audit tədbirlərinin, eyni zamanda  hökumətin illik icra olunmuş büdcəsinin bir qisminin auditinin  keçirildiyi  və müvafiq hesablar  barədə məlumatların və müvafiq hesabatların  qanunvericiliklə nəzərdə tutulmuş  müddətdə internet vasitəsilə onlayn yayımlandığı və  büdcə sənədlərindəki məlumatların  ümumən etibarlı olduğu diqqətə çatdırılır.