Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Polşa Respublikasında səfərdə olmuşdur
Əlavə olunub: 2016-07-08

Hesablama Palatasının sədri V. Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşa Respublikasında səfərdə olmuş, Polşa Respublikasının Ali Audit Qurumu olan  Milli Nəzarət Palatasının Prezidenti cənab Kristof Kviatkovski ilə görüşmüşdür.

 

Hesablama Palatasının sədri V. Gülməmmədov görüş üçün təşəkkür edərək Azərbaycan Respublikasının Ali Audit Qurumu olaraq Hesablama Palatasının fəaliyyəti, həmçinin fəaliyyətin nəticə göstəriciləri ilə bağlı məlumat vermişdir. 

 

Görüşdə hər iki qurumun gələcək fəaliyyəti perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda təcrübənin mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.

 

Səfər çərçivəsində V. Gülməmmədov həmçinin MNP-in Krakov regional bölməsinin rəhbəri ilə də görüşmüş, bölmənin fəaliyyəti ilə tanış olmuş, nəzarət fəaliyyətinin yerlərdə təşkili ilə bağlı müzakirələr aparılmışdır.         

 

V. Gülməmmədov MNP-in internet portalına müsahibə verərək görüşün məqsədi və müzakirə edilmiş məsələlərlə bağlı sualları cavablandırmışdır.

Məlumat üçün bildiririk ki, Polşa Respublikasının  Milli Nəzarət Palatası (MNP) barədə məlumat verilərək bildirilmişdir ki, Palata müstəqil ali dövlət qurumu olaraq 100 ilə yaxındır ki, dövlət vəsaitlərinin qorunması missiyasını yerinə yetirir və bu məqsədlə Polşa dövlət qurumlarının vəsaitlərin istifadəsi ilə bağlı fəaliyyətinə nəzarət edir. Eyni zamanda qeyd edilmişdir ki, Palata Varşava şəhərində yerləşən mərkəzi idarə və 16 regional bölmədən ibarətdir. Ümumilikdə MNP-da 1640 nəfər çalışır ki, onlardan 1200-ü audit fəaliyyətini yerinə yetirir. Palata kollegial idarəetmə strukturuna malikdir və Kollegiyanın tərkibinə MNP-in rəhbərliyi ilə yanaşı Polşa Respublikasının hüquq, iqtisadiyyat və audit sahəsində fəaliyyət göstərən 7 professoru da daxildir. İl ərzində 100-dən çox audit tədbirini həyata keçirən MNP eyni zamanda 200-dən çox qurumu əhatə edir və qurumların maliyyə hesabatlarının təhlili diqqətdə saxlanılır. Azərbaycan nümayəndə heyətinə MNP-in strukturunun iqtisadi sahələr üzrə formalaşdırıldığı, dövlət büdcəsinin icrası və illik fəaliyyəti ilə bağlı Polşa Parlamentinə hesabat verildiyi və maliyyə pozuntularının araşdırılması istiqamətində Prokurorluq orqanları ilə əməkdaşlıq edildiyi bilrdirilmişdir.